Xəzər Xəbər

Zərgərpalan küçəsində təmir işləri aparılır

Cəmiyyət | 14:56 • 24 Sentyabr 2019
Zərgərpalan küçəsində təmir işləri aparılır

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Yasamal rayonu, Zərgərpalan küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə start verilib.

Agentlikdən bildirilib ki, təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Hərəkət hissəsinin eni ortalama 6 metr olan küçə boyu aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, köhnə səki daşları sökülür, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunur.

Vətəndaşların rahat və təhlükəsiz şəkildə küçənin kənarı ilə hərəkətini təmin etmək məqsədi ilə, küçə boyu hər iki tərəfdə piyada səkiləri bərpa olunur, kənarlarına yeni səki daşları düzülür. Qeyd olunan işlər çərçivəsində 1500 paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Asfaltlanma işləri ümumilikdə 5 min kv.m-ə yaxın sahəni əhatə edəcək.

Bundan başqa aparılan təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri layihə hündürlüyünə qaldırılaraq, baxış qapaqları yenilənəcək.

İşlərin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yol qısa müddət ərzində yenidən vətəndaşların istifadəsinə veriləcək.

Sadalanan işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Xəbər lenti