Xəzər Xəbər

Peşə məktəblərinə qəbul olanların çoxu aşpazlığı seçib

Cəmiyyət | 17:49 • 30 Avqust 2019
Peşə məktəblərinə qəbul olanların çoxu aşpazlığı seçib

Əmək bazarında qısa müddət ərzində peşəkar ixtisaslı kadrlara çevrilmək istəyən gənclərimiz peşə təhsilinə daha çox üstünlük verirlər.


Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, 2019-2020-ci tədris ilində dövlət peşə təhsili müəssisələrinə qəbul olunanlar aşpaz, elektrik qaz qaynaqçısı, kompüter operatoru, aqroservis mütəxəssisi, xalçaçı, əməliyyatçı-mühasib, elektrik montyoru, mehmanxana inzibatçısı, bitkiçilik mütəxəssisi ixtisaslarına üstünlük veriblər.


Xatırladaq ki, 2019-2020-ci tədris ilində dövlət peşə təhsili müəssisələrinə 11000 ərizəçi sənəd verib, onlardan 8808-i seçdikləri ixtisasa qəbul olunublar.


Hazırda 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrində boş qalan yerlərə sənəd qəbulunun ikinci turu davam edir. İkinci turun sənəd qəbulu "ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.


Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılacaq. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.


Sənəd qəbulu prosesinin 2-ci turunda 1-ci turda iştirak etməyən şəxslər də iştirak edə bilərlər. Peşə təhsili müəssisələrində boş qalan yerlərə sənəd qəbulunun ikinci mərhələsi avqustun 28-də başlanıb və sentyabrın 5-dək davam edəcək.


İkinci turun nəticələrinin sentyabrın 6-da elan olunması nəzərdə tutulur.

Xəbər lenti