Xəzər Xəbər

Test imtahanında müvəffəqiyyət əldə etmiş şəxslərin qeydiyyatına başlanılıb

Cəmiyyət | 10:28 • 19 Avqust 2019
Test imtahanında müvəffəqiyyət əldə etmiş şəxslərin qeydiyyatına başlanılıb

İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün avqustun 18-də keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikat əldə etmək üçün qeydiyyatı başlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) xezerxeber.az-a bildirilib ki, bunun üçün onlar avqustun 19-u saat 10:00-dan avqustun 30-u saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg linkinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin və əmək kitabçasının (olduğu halda) skan edilmiş surətləri formaya əlavə edilir.

Müraciət formasındakı məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiqlənmiş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini beş iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 108) təqdim etməlidir.

Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilimiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Xəbər lenti