Xəzər Xəbər

Yol polisi Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət edib

Cəmiyyət | 09:12 • 13 Avqust 2019
Yol polisi Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət edib.


Baş Dövlət Yol Polisi İdarəsindən xezerxeber.az-a bildiriblər ki, müraciətdə səfərə çıxan sürücülərə yol hərəkəti qaydalarına riayət etmələri tövsiyə olunur.


Müraciətdə deyilir: "Yuxusuz, yorğun halda sükan arxasında əyləşməkdən çəkinin və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da, istirahət edin. Bunun üçün DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.


İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin günün sərin vaxtlarında yola çıxmaları məsləhət bilinir.


Magistral yollarda təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir.


Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqət yetirin, təhlükəsizlik kəmərini təkcə özünüz deyil, sərnişinlərin də bağlamasını təmin edin. Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu zaman qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün qiymətləndirin, yanlış qərar verməyin”.


Son günlər bir sıra ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini diqqətə çatdıran Baş Dövlət Yol Polisi İdarəsi xatırladır ki, yol hərəkəti qaydalarına ciddi əməl etməklə sürücülər həm özlərinin, həm də yaxınlarının bayram günlərinin xoş keçməsinə şərait yaratmış olarlar.

Xəbər lenti