Xəzər Xəbər

Günvurma zamanı bunları etmək lazımdır?

Cəmiyyət | 10:17 • 27 İyul 2019
Günvurma zamanı bunları etmək lazımdır?

Son günlər paytaxt Bakıda küləkli hava şəraiti müşahidə olunsa da, bölgələrdə, xüsusilə Aran zonasında ciddi istilər müşahidə olunur və bu da günvurmalara səbəb olur.

Məsələ ilə bağlı Axar.az-a danışan həkim-terapevt Mərziyyə Məmmədova bildirib ki, günvurma əksər hallarda başıaçıq şəkildə xeyli müddət gün altında qaldıqda baş verir.

"Günəş şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, başgicəllənmə, başağrısı, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, qusma, bədən temperaturunun 40 dərəcəyə və daha artıq həddə yüksəlməsi kimi əlamətlər müşahidə edilir.

Ağır hallarda isə qıcolmalar və huşun itirilməsi də ola bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə Günəş altında qaldıqdan bir neçə saat sonra evə gəldikdə baş verir”, - həkim bildirib.

M.Məmmədovanın sözlərinə görə, günvurmanın ilkin əlamətləri müşahidə edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarlarını çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır:

"Zərərçəkənə soyuq su verilməli, üzü və sinəsi sərin su ilə silinməlidir. Həmçinin, başına, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya soyuq su ilə kompres qoyulmalıdır.

Bundan başqa, zərərçəkəni soyuq suda isladılmış parçaya bükmək və başına buz qoymaq olar. Temperaturu normaya çatdıqda isə quru parçaya bükmək lazımdır”.

Xəbər lenti