Xəzər Xəbər

Məhkəmə qərarlarının icrası sahəsində iş həcmi əhəmiyyətli dərəcədə artıb

Cəmiyyət | 12:47 • 20 İyul 2019
Məhkəmə qərarlarının icrası sahəsində iş həcmi əhəmiyyətli dərəcədə artıb

Son illər məhkəmə qərarlarının icrası sahəsində iş həcmi əhəmiyyətli dərəcədə artıb. 2019-cu ilin birinci yarımilində icra qurumlarına daxil olan icra işlərinin sayı 731 minə çatıb, onlardan 384 mindən çoxunun icrası təmin edilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir.

Bu barədə Ədliyyə Nazirliyində keçirilən müşavirədə İcra baş idarəsinin rəisi – baş icra məmuru Nurəddin Mustafayev məlumat verib.

Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki dövrlə müqayisədə 50 faizdən artıq – 300 milyon manatdan çox vəsait ödətdirilib.

İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1.954 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1.421 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 301 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 2.496 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 8.210 şəxsin üzərindən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb ki, bu da ötən dövrlərlə müqayisədə 4 dəfə çoxdur.

Qeyd olunmalıdır ki, belə məhdudlaşdırmanın olub-olmamasını öyrənmək məqsədilə nazirlik tərəfindən vətəndaşlara göstərilən elektron xidmətdən istifadənin sayı 2019-ci ilin birinci yarımilində də artaraq 1 milyona yaxın olub.

İclasda görülmüş işlərlə yanaşı, nöqsan və çatışmazlıqlar qeyd edilib, mövcud problemlərlə bağlı İcra xidmətinin məsul işçiləri dinlənilib, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları ətraflı təhlil edilib.

Xəbər lenti