Xəzər Xəbər

Bakıda yeni layihə uğurla həyata keçirilir - FOTO

Cəmiyyət | 10:13 • 16 İyul 2019
Bakıda yeni layihə uğurla həyata keçirilir -

Xəbər verildiyi kimi, iyul ayının 10-dan etibarən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Nərimanov rayonunda yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanılıb. Layihə Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə birgə hazırlanıb və həyata keçirilir. Bu barədə xezerxeber.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, hazırlıq dövründə Bakı Şəhər və Nərimanov Rayon İcra hakimiyyətlərinin rəhbər işçilərinin, bələdiyyə, təsərrüfat xidmətləri nümayəndələrinin, gənclər və könüllülərin fəal iştirakı ilə məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirilib, yeni layihə barədə vətəndaşlara ətraflı məlumat verilib.


İşlər çərçivəsində rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara iki rəngdə - yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılıb. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə iki cür yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb, bloklara, həyətlərə, binalara maarifləndirici reklamlar yapışdırılıb. Əraziyə cavabdehlər təyin olunub, könüllülər gündəlik maarifləndirmə işlərini davam etdirir. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.


Layihənin həyata keçirilməsinin ilk günləri müsbət nəticələrini verib. Artıq rayondakı çeşidləmə mərkəzinə daxil olan təkrar emal tullantıların həcmində artım müşahidə olunur. Bunu Konsepsiyanı hazırlayan Mott MacDonald şirkətinin məsul nümayəndəsi də xüsusi qeyd edib. Bildirilib ki, bəzi ölkələrdə, o cümlədən Rusiya, Türkiyə, Gürcüstanda buna nail oluna bilinmədi. Lakin sürətlə inkişaf edən ölkəmizdə biz bu işlərə də nail olacağıq və sakinlərimizə eksperimentin ilk günlərində fəal olduqları, bu işlərdə bizə dəstək verdikləri üçün minnətdarlığımızı bildirir və Nərimanov rayon sakinlərini layihənin həyata keçirilməsində daha fəal olmağa çağırırıq.


Konsepsiyanın həyata keçirilməsi sürətlə davam edir, gələcəkdə onun digər rayonlarda da tətbiq olunacağı nəzərdə tutulub.


Layihə şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.

Xəbər lenti