Xəzər Xəbər

DOST mərkəzinə ömürlük müavinətin təyin edilməsinə dair səlahiyyət verilib

Cəmiyyət | 09:59 • 9 İyun 2019
DOST mərkəzinə ömürlük müavinətin təyin edilməsinə dair səlahiyyət verilib

Nazirlər Kabineti "Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası"nda dəyişiklik edib.


Xezerxeber.az-ın məlumatına görə, dəyişiklik DOST mərkəzinə yeni səlahiyyətlər verilməsi ilə əlaqədardır.


Qaydaya əsasən, müavinət almaq hüququ olan şəxs heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt müavinətin təyin edilməsi üçün müvafiq təsdiqedici sənədlər (arayışlar) təqdim etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aidiyyəti şəhər, rayon şöbəsinə müraciət edə bilərdi. Müavinət təyin edən orqan tərəfindən müavinəti almaq üçün edilən müraciətə 10 iş günü ərzində baxmalı idi. Dəyişikliyə əsasən, bundan sonra müavinət almaq hüququ olan şəxs heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt müavinətin təyin edilməsi üçün müvafiq təsdiqedici sənədlər (arayışlar) təqdim etməklə DOST mərkəzinə də müraciət edə bilər. Müavinətin təyin edilməsi üçün şəxs ərizəsi ilə birlikdə DSMF-nin şəhər, rayon şöbəsinə təqdim etməli olduğu sənədləri DOST mərkəzinə də təqdim etməlidir. Bu sənədlərin siyahısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti, əmək kitabçasından çıxarış və ya əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu barədə Tibbi Sosial Ekspert Komissiyasının arayışı (əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxdıqda) və dövlət qulluqçusunun məvacibi barədə dövlət orqanının arayışı daxildir.


Qüvvədə olan Qaydaya əsasən, müavinətin ödənilməsinin dayandırılmasına səbəb olan müvafiq hallar barədə müavinəti alan şəxs və ya onun vəfatı ilə əlaqədar ailə üzvlərindən biri 5 gün müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər, rayon şöbəsinə məlumat verməyə borcludur (yenidən dövlət qulluğuna qəbul edilməsi barədə arayış və ya ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti). Dəyişikliyə əsasən, bu barədə məlumat DOST mərkəzinə də verilə bilər.

Xəbər lenti