Xəzər Xəbər

Oruc tutanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik varsa... - Həkim-endokrinoloq DANIŞDI

Cəmiyyət | 09:23 • 17 May 2019
Oruc tutanlara XƏBƏRDARLIQ:

Müsəlmanlar üçün Ramazan ayı oruc tutma ayıdır. Bəzən şəkərli diabet xəstələri də oruc tutmaq istəyir, lakin şəkərləri kontrol altında olmayan xəstələr uzun müddət aclıqdan sonra bir çox risklərlə qarşılaşa bilər. Bəs diabet xəstələri hansı hallarda oruc tuta bilər?

Publika.az-a danışan həkim-endokrinoloq Vüsalə Atakişizadənin sözlərinə görə, diabetli xəstələrin oruc tutub-tutmamasına həkim-endokrinoloq qərar verməlidir: "Xəstəliyin gedişatına əsasən pasientlər risk qruplarına ayrılmalı və riskin dəyərləndirilməsinin nəticəsinə əsasən oruc tutma qərarı həkim və pasientin birlikdə razılığı əsasında verilməlidir. Səhhəti yerində olan, şəkəri kontrol altında olan pasientlər oruc tuta bilərlər.

ÇOX YÜKSƏK RİSKLİ XƏSTƏLƏR;

- Ramazandan öncəki 3 ay ərzində hipoqlikemiya (şəkərin düşməsi) riski;

- Hipoqlikemiyanı hiss etməyən pasientlər;

-Qan şəkərləri kontrol altında olmayan pasientlər;

- Ramazandan öncəki 3 ay ərzində diabetik koma tarixçəsi olan pasientlər;

-Brittle tip 1 şəkərli diabet xəstələr;

-Ağır fiziki işlə məşğul olan insanlar;

-Hamilələr;

- Xroniki dializ xəstələri;

YÜKSƏK RİSKLİ XƏSTƏLƏR:

- Qanda şəkərin miqdarı 150-300mq/% və ya HbA1C 7.5-9% olan pasientlər;

- Diabetik nefropatiyalı xəstələr (böyrəklərin zədələnməsi);

- Diabetik retinopatiyası olan xəstələr (göz damarlarının zədələnməsi);

- Böyrək çatışmazlığından əziyyət çəkənlər;

- İnsulin müalicəsində olan tək yaşayan pasientlər;

- Səhhəti yerində olmayan yaşlı pasientlər;

- Psixatrop dərmanlar qəbul edən pasientlər;

RİSKİ AZ OLAN XƏSTƏLƏR:

- Diabetik ağırlaşmaları olmayan pasientlər;

- Yanaşı xəstəlikləri olmayan pasientlər;

- Şəkərləri yüngül şəkərsalıcı həblərlə kontrol altına alına bilən pasientlər”.

Vüsalə Atakişizadə bildirir ki, oruc tutmasına icazə verilən pasientlər Ramazandan ən azı 2 ay əvvəl həkim müayinəsindən keçməli, müvafiq qan analizlərinə baxılmalı, ramazana görə təlimlərdən keçməli, uzun müddət ac qalmanın diabetlərdə yarada biləcəyi risklər izah olunmalı, pəhriz və dərman müalicəsində düzgün korreksiyalar aparılmalıdır.

Orucluq zamanı şəkər xəstələrində rast gəlinə biləcək ağırlaşmalar:

- Qanda şəkərin kəskin düşməsi;

- Qanda şəkərin çox yüksəlməsi;

- Diabetik ketoasidoz (xüsusilə, Ramazan öncəsi şəkərləri konrolda olmayan və özbaşına insulinin dozasını azaldan şəkərli diabet 1-ci tiplərdə görülür);

- Dehidratasiya və tromboz (susuzlaşma və qanın qatılaşması). Xüsusilə Ramazan ayının yay aylarına təsadüf etdiyi vaxtlarda oruc tutan və ağır fiziki işlə məşğul olan kişilərdə müşahidə olunur;

Həkimin sözlərinə görə, qanda şəkər 70mq%-dən aşağı düşərsə, eyni zamanda 300mq%-dən yuxarı qalxarsa orucu dayandırmaq lazımdır.

Xəbər lenti