Xəzər Xəbər

Dövlət orqanlarında 32 vakant yerə ümumi müsahibə elan edilib

Cəmiyyət | 14:17 • 16 May 2019
Dövlət orqanlarında 32 vakant yerə ümumi müsahibə elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu il 16 may tarixində 5 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.

DİM-dən xezerxeber.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının aparatı, onların tabeliyində olan qurumlar, yerli bölmələr və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 5-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 27-si isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında şöbə müdiri, İqtisadiyyat Nazirliyinin Aparatında şöbə müdiri və dövlət orqanı rəhbərinin müşaviri, inzibati vəzifələrin 6-cı təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyində regional bölmənin rəhbərinin müavini vəzifələridir. Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 6 vəzifə, Maliyyə Nazirliyində 21 vəzifə, İqtisadiyyat Nazirliyində 3 vəzifə, Hesablama Palatasında 1 vəzifə, Sumqayıt Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 32 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər "Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 16 may 2019-cu il tarixindən 14 iyun 2019-cu il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

Xəbər lenti