Xəzər Xəbər

Bakıda adambaşına 6 kvadratmetr yaşıllıq düşür

Cəmiyyət | 17:15 • 14 May 2019
Bakıda adambaşına 6 kvadratmetr yaşıllıq düşür

Yaşıllaşdırma şəhərsalma siyasətinin mühüm tərkib hissəsi olaraq şəhər və şəhərətrafı ərazilərdə ətraf mühitin sağlamlaşdırılmasına xidmət edir. Bakı şəhərində son illər ərzində davam edən irihəcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər mövcud yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə kəskin ehtiyac yaradıb. Hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektardır ki, bu da adambaşına 6 kvadratmetr təşkil edir.


Ona görə də yaşıllıqların qorunması, miqyasının daha da genişləndirilməsi qarşıda duran ən mühüm vəzifədir və onların vacib olmayan tikintilər altına düşərək kəsilməsi hallarının olması yolverilməzdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi birmənalı olaraq belə hallara qarşıdır.


Bu barədə nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov mayın 14-də keçirilən mətbuat konfransında məlumat verib.


"Dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihələr həyata keçirildikdə qurumuş, təhlükə yaradan və xəstə ağaclardan başqa, ağac kəsilməsi qaydalara ziddir. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar çərçivəsində ağacların köçürülməsi dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda mümkündür.


Yeri gəlmişkən, bu yaxınlarda Avtomobil Yolları Dövlət Agentliyi Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid prospektindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsində yolun genişləndirilməsi üçün tikinti altına düşən ağacların köçürülməsinə müvafiq rəyin verilməsi ilə bağlı bizə müraciət edib. İdarənin əməkdaşları həmin əraziyə baxış keçiriblər, 151 ağac və kol bitkisinin yol tikintisi altına düşdüyü müəyyənləşib.


Layihənin dövlət əhəmiyyəti və yol infrastrukturunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyi nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası”na müvafiq olaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə birlikdə münbit ərazilərə köçürülməsinə rəy verilib.


Onu da qeyd edim ki, yaşıllıqlara qulluq göstərilməsi birbaşa Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xidməti vəzifəsinə aid olan məsələdir və yaşıllıqlara mövsümi budama xidməti göstərilməsi üçün nazirlikdən müvafiq rəy alınması tələb olunmur. Bu tədbirlərin ağacların bioloji inkişafda olmadığı vaxtlarda aparılması zəruridir”, - deyə idarə rəisi qeyd edib. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar