Xəzər Xəbər

DSX-nin süvarilər dəstəsi və rəqs ansamblı “Vindzor Kral Atçılıq Şousu”nda - FOTO

Cəmiyyət | 14:43 • 11 May 2019
DSX-nin süvarilər dəstəsi və rəqs ansamblı “Vindzor Kral Atçılıq Şousu”nda -

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında Kral ailəsi üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən "Vindzor Kral Atçılıq Şousu” start götürüb.


Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən xezerxeber.az-a bildiriblər ki, 2014-cü ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəlxalq atçılıq şousu qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilib. Azərbaycan nümayəndə heyətinin hər il sərgilədiyi bənzərsiz şou-proqramlar və çıxışlar bu möhtəşəm tədbirin ayrılmaz hissəsi kimi qəbul edilib.


Milli sərvətimiz olan Qarabağ atlarının qorunub saxlanılmasına və məşhurlaşdırılmasına Prezident İlham Əliyevin ali dəstəyi sayəsində son illər milli at cinslərimizin Azərbaycan brendi kimi dünyada tanıdılması istiqamətində önəmli işlər görülür. Bu tədbirlər sırasında "Vindzor Kral Atçılıq Şousu”nda Qarabağ atlarının füsunkar gözəlliyinin nümayiş etdirilməsi xüsusi yer tutur.


Cari ildəki "Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizi növbəti dəfə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib, ənənəyə uyğun olaraq çıxışları ilə hər kəsi valeh edib, tamaşaçıları heyrətləndirib.


Atçılıq şousunda Oman Sultanlığını, Birləşmiş Ərəb Əmirliklərini, Macarıstanı və Böyük Britaniyanı təmsil edən iştirakçılarla müqayisədə təmsilçilərimizin milli geyimlərimizdə çıxışları xüsusilə fərqlənib, çoxsaylı tamaşaçı kütləsinin xüsusi rəğbətini qazanıb.


Birləşmiş Krallığın ən qüdrətli Taxt-Tac sahibi kimi tarixə düşmüş Kraliça Viktoriyanın xatirəsinə həsr olunmuş builki tədbir üçün nümayəndə heyətimiz tərəfindən xüsusi olaraq "Azərbaycanın kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya hazırlanıb. Azərbaycan xalqının çoxsaylı maddi və mənəvi sərvətlərindən ikisinin vəhdətindən formalaşan bu kompozisiyanın əsasını artıq Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanmış, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də Azərbaycan qadınlarının ənənəvi baş örtüyü, ismət və gözəllik rəmzi olan kəlağayı təşkil edib.


Şounun aparıcısının təmsilçilərimizin möhtəşəm çıxışları barədə təqdimatında kompozisiyanın əsas elementlərindən birini təşkil edən, 1500 ildən çox tarixə malik Azərbaycan kəlağayısının hələ iki əsr öncə - 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə Kraliça Viktoriyaya hədiyyə edilməsinin vurğulanması böyük maraqla qarşılanıb.


Milli musiqi alətlərimizdə - balabanda, tütəkdə, zurnada, tarda, kamançada, nağarada ifa olunan, xalqımızın kod yaddaşının daşıyıcıları - milli rəqsimiz "Yallı”nın, gənc muğam ustası Mirələm Mirələmovun ifasında "Ay Laçın” xalq mahnısının və Emin Sabitoğlunun bəstələdiyi "İncəbellim” musiqisinin ecazkar sədalarından, "Sərhədçi” rəqs ansamblının hərarətli və çılğın rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, alov püskürənlərin qeyri-adi çıxışlarından ibarət şou-kompozisiya Britaniya tamaşaçısını sözün əsl mənasında ovsunlayıb.


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, xoreoqrafı Əməkdar artist Nailə Məmmədzadə, süvarilər dəstəsinin rəhbəri Əməkdar bədən tərbiyəsi və idman xadimi Azər Həmzəyev, "Alov” şou qrupunun rəhbəri isə Rasim İsgəndərlidir.


Yeddi dəqiqə davam edən şou müddətində süvarilərimizin başları üzərində Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaları, rəqqaslarımızın ifasında qılıncoynatma səhnələri, kəlağayımızın xalqımızın sülhsevərlik simvollarından biri olmasının - döyüş meydanında Azərbaycan qadını tərəfindən kəlağayının yerə atılması ilə savaşa son qoyulması adətinin nümayiş etdirilməsi, meydandakı reklam lövhələrinin üçrəngli bayrağımızın rənglərinə boyanması diqqəti xüsusilə cəlb edib.


Şou-proqram tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb, əksəriyyəti Britaniya aristokratiyasından ibarət böyük tamaşaçı kütləsinin zövqünü oxşayıb. Tamaşaçılar ayağa qalxaraq təmsilçilərimizi sürəkli alqışlarla yola salıblar.

Xəbər lenti

Çox oxunanlar