Xəzər Xəbər

Bu il qaydaları pozan sürücülər 23 milyon manat məbləğində cərimələnib

Cəmiyyət | 13:32 • 8 May 2019
Bu il qaydaları pozan sürücülər 23 milyon manat məbləğində cərimələnib

2019-cu ilin yanvar-mart aylarında nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.


ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hadisələr minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.


Bildirilib ki, 2019-cu ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 10,8 faiz azalaraq 701,6 min olub.


Xətaların 42,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 faiz az), 11,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (1,2 faiz az), 8,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (44,3 faiz az), 7,5 faizi dayanma və ya durma qaydalarının pozulması (47,0 faiz az), 4,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (15,7 faiz az), 3,8 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (29,0 faiz çox), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.


Qaydaların pozulmasına görə 23,1 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Xəbər lenti