Xəzər Xəbər

Azərbaycanda son 11 il ərzində 40 vulkan püskürməsi qeydə alınıb

Cəmiyyət | 15:41 • 16 Mart 2019
Azərbaycanda son 11 il ərzində 40 vulkan püskürməsi qeydə alınıb

Azərbaycanda həm quruda, həm də Xəzərin akvatoriyasında 353 palçıq vulkanı var. Onun 156-sı dənizdədir. Qurudakı vulkanlar Abşeron yarımadasında, cənub-şərqi Şirvan düzündə, Şamaxı-Qobustan regionunda yerləşir. Ən çox vulkan Şamaxı-Qobustandadır. Burada təxminən 120 vulkan var. Vulkanlarda hər il 3-5 püskürmə baş verir. Bəzi illərdə seysmik aktivliklə əlaqədar olaraq püskürmələrin sayı artır. Seysmoaktiv illər zamanı püskürmələrin sayı 8-12 arasında dəyişib. 2001-ci ildə isə rekord səviyyədə, yəni il ərzində 16 vulkan püskürüb. Buna səbəb 2000-ci ildə Bakıda noyabrın 25-də və dekabrda baş verən zəlzələlər və ondan sonrakı afterşoklar idi. 2017-ci ildən başlayaraq seysmikliklə əlaqədar vulkanların aktivləşməsi başlayıb. Aktivlik 2018-ci ildə də davam edib. 2008-ci ildən 2019-cu ilədək 24 vulkanda 40 püskürmə qeydə alınıb. Püskürmələrin on doqquzu son iki ildə baş verib.


Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.


"Vulkanların xüsusiyyəti və fəaliyyəti nəzərə alınaraq püskürməsi ilə əlaqədar təxmini proqnoz vermək, yəni onların püskürməsini güman etmək olar. Keçən ilin oktyabrında 2019-cu ilin sonunacan 6 vulkanın püskürə biləcəyi ilə bağlı proqnoz vermişdim. Noyabrda o vulkanlardan ikisi püskürdü. "Bahar”, "Bozdağ-Qobu”, "Şıxzərli”, "Nardaranaxtarma” vulkanlarının bu ilin sonunadək püskürəcəyi gözlənilir. Abşeron yarımadasının qərbində yerləşən "Bozdağ-Qobu” vulkanı çox böyük və güclü püskürən vulkandır. 1974-cü ildə həmin vulkan püskürəndə böyük alov sütunu alınmışdı. Hazırda həmin vulkan iyirmi ildir susur”, - deyə professor qeyd edib.


Şöbə rəhbəri quruda 200-ə yaxın vulkanın olduğunu, lakin onlardan 93-nün püskürdüyünü diqqətə çatdırıb: "Son 200 il ərzində həmin vulkanlarda 427 püskürmə baş verib. Lakin o biri vulkanlar püskürməsələr də aktivdirlər. Onlar yer səthinə qaz, minerallaşmış su, lilli palçıq, bəzən bollu neft çıxarıb enerji itirirlər və püskürmə baş vermir. Elə vulkanların yanında evlər tikmək olar. Lakin fəaliyyətdə olan, püskürən vulkanların yaxınlığında yaşayış massivlərinin salınması, təsərrüfat, qazıntı işlərinin aparılması tövsiyə olunmur. Vulkanlar bəzən antropogen təsir nəticəsində süni formada püskürə bilər. Ceyranbatan su anbarının sahilində yerləşən "Keçəldağ” vulkanının krater hissəsinə yaxın boru xətti aparılmışdı. Nəticədə vulkan püskürmüşdü. Lökbatan qəsəbəsindəki eyniadlı aktiv vulkanın kraterinə yaxın sahədə palçığı yığıb aparmışdılar. Çox keçmədən həmin vulkanda güclü püskürmə qeydə alındı. Ona görə də kommunikasiya işləri aparılarkən, evlər tikilərkən vulkanlardan 500-1000 metr uzaqda olması nəzərə alınmalıdır. Çünki bəzən vulkanlar püskürəndə insanların xəsarət alması faktları da olub. 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən ay yarım keçəndən sonra Abşeron yarımadasındakı "Bozdağ-Güzdək” vulkanı püskürdü. Nəticədə 6 çoban həlak olub, iki minə yaxın qoyun tələf olub. "Bozdağ-Qobu” vulkanının ətrafında, mərkəz hissəsinə yaxın evlər tikilib. Binəqədi qəsəbəsinə gedən yolda "Keyrəki” vulkanına yaxın böyük bir yaşayış massivi əmələ gəlib. Hazırda bunun qarşısı alınır. Lakin əvvəllər insanlar vulkanın yamacında da ev tikirdilər”.

Xəbər lenti