Xəzər Xəbər

Çaylarında biogen maddələrin miqdarı normadan dəfələrlə çox olub

Cəmiyyət | 13:07 • 14 Yanvar 2019
Çaylarında biogen maddələrin miqdarı normadan dəfələrlə çox olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvarda növbəti monitorinq keçirib.

Departamentdən xezerxeber.az-a bildiriblər ki, yanvarın birinci ongünlüyündə Kür çayında suyun sərfi dekabrın üçüncü ongünlüyünə nisbətən saniyədə 49 kubmetr azalaraq 145 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayının Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan artıq olması müşahidə edilib.

Yanvarın birinci ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Kür çayı üzrə Şıxlı-2 məntəqəsində 2, Ağstafa su anbarının Qazax rayonunun Xanlıqlar kəndindən keçən hissəsində 1,3, Ağstafaçayın Qazax şəhərindən keçən hissəsində 1,4, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 1,6-2,1, biogen maddələrdən nitritlərin miqdarı isə 1,5-1,9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,84-6,30 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

Xəbər lenti