Xəzər Xəbər

Səyyar “ASAN xidmət” bu rayonlarda olacaq SİYAHI

Cəmiyyət | 13:52 • 13 Noyabr 2018
Səyyar “ASAN xidmət” bu rayonlarda olacaq

Səyyar "ASAN xidmət” 24 oktyabr–22 noyabr Biləsuvarda, 29 oktyabr-27 noyabr Şirvanda, 7-16 noyabr Samuxda, 7 noyabr–6 dekabr Qusarda, 8 noyabr–22 dekabr Dəllər qəsəbəsində, 10–29 noyabr Ağdaşda, 12 noyabr-11 dekabr Xırdalan və Şamaxıda, 12–26 noyabr Tərtərdə, 14 noyabr–3 dekabr Biləcəri qəsəbəsində vətəndaşlara səyyar xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən XəzərXəbər-ə bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz” İB tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.

Səyyar "ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti