Xəzər Xəbər

Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edir – Zəhər hər birimizin evinə girir

Cəmiyyət | 17:54 • 22 Oktyabr 2018
Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edir

Uroloq: "Enerji içkiləri sonsuzluq yarada bilər"

Son zamanlar enerji içkilərindən istifadə edənlərin sayı durmadan artır. Artıq vəziyyət o həddə çatıb ki, bəzi gənclər bu içkidən hətta su əvəzinə istifadə edirlər. Halbuki KİV-də, həmçinin sosial mediada və sosial şəbəkələrdə həkimlər tərəfindən enerji içkilərinin ziyanları ilə bağlı tez-tez məlumatlar verilir.Təəssüflər olsun ki, bu xəbərdarlıqlara heç kim əhəmiyyət vermir. Əksinə, belə içkilərə tələbat daha da artır və enerji içkilərini istehsal edən şirkətlərin sayı günü-gündən çoxalır.

Sputnik Azərbaycan-ın əməkdaşı bu məsələnin ciddiyyətini nəzərə alaraq, enerji içkilərinin insan sağlamlığına vurduğu zərərlərlə bağlı kiçik araşdırma aparıb.

Uroloq Rauf Rzayev deyir ki, enerji içkiləri insan orqanizmi üçün olduqca ziyanlıdır: "Həmin içkilərin tərkibində kofein normadan çox olur. İlk öncə elə bu səbəbdən enerji içkiləri qəti qadağandır. Xüsusilə yaşlı insanların içməsi yolverilməzdir. Çünki onların orqanizmində kofeinin çoxluğu təzyiqin artmasına səbəb olur".

R.Rzayevin sözlərinə görə, enerji içkiləri insanın qaraciyərini sıradan çıxarır. Nəticədə də digər daxili orqanların iş sisteminin pozulmasına səbəb olur.

Uroloq xüsusilə bildirib ki, gənc oğlanlar reproduktiv dövrdə bu içkidən mütləq uzaq olmalıdırlar: "Əks halda onlarda sonsuzluq yarana bilər. Uşaq və hamilə qadınlar isə ümumiyyətlə belə içkiləri qəbul etməməlidirlər. Bir sözlə, hər kəs enerji içkisindən uzaq olmalıdır ki, sağlamlığını qismən də olsa, qoruya bilsin".

Enerji içkilərinin insan orqanizminə təhlükəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə də sorğu göndərilib. Agentlikdən sorğumuza verilən cavabda da belə içkilərin insan sağlamlığı üçün zərərli olduğu qeyd olunub: "Enerji içkilərinin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi təqdirdə insan sağlamlığına müəyyən fəsadlar törədə bilər".

"Bu içkilərin tərkibinə əlavə edilən kofeinin miqdarı, insan sağlamlığına təhlükə yaratmayacaq səviyyədə olmalıdır. Enerji içkilərinin qəbul olunması insanlarda, xüsusilə də kiçik yaşlı uşaqlarda yuxusuzluq, piylənmə, böyrək xəstəlikləri, sinir sisteminin pozğunluqları və s. səbəb ola bilər" – deyə qurumdan bildirilib.

Qida Təhlükəsizliyi Agentliyi 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanlara enerji içkilərindən istifadə etməməyi tövsiyə edir.

Xəbər lenti