Xəzər Xəbər

Bakıda xəstənin çənəsinə qalça sümüyünün bir parçası yerləşdirilib

Cəmiyyət | 18:29 • 17 Oktyabr 2018
Bakıda xəstənin çənəsinə qalça sümüyünün bir parçası yerləşdirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında onkoloji xəstədə uğurlu plastik estetik əməliyyat icra olunub. Xəstənin çənəsinə qalça sümüyünün bir parçası yerləşdirilib. Yanaqdakı boşluğa isə qasıqdan götürülən dəri qoyulub.


Universitetin mətbuat xidmətindən bildiriblər ki, əməliyyat haqqında ATU Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri Məhəmməd Davudov məlumat verib.


Həkim deyib: "Xəstədə hələ 6 il bundan əvvəl əməliyyat aparılıb. Həmin vaxt xəstə ağız boşluğunda xora diaqnozu ilə bizə müraciət etmişdi. Müayinə zamanı bu zonada bədxassəli şişin olduğu aşkarlandı. Şişin ilkin ölçüsü kiçik olduğundan, onun tam götürülməsi məqsədəuyğun idi. Belə də etdik. Şişi tam şəkildə və yapışıq olması səbəbindən həmin nahiyədəki sümüklə birlikdə götürüldü. Xüsusi titanla, rekonstruktiv lövhə ilə sümük defektini yerinə qoyduq. Xəstə funksional baxımdan bir problem yaşamadı. Əməliyyatdan sonrakı patohistoloji analizlər tam təmiz çıxmışdı”.


Həkim buna baxmayaraq, əməliyyatdan 1 il sonra həmin xəstənin ağzında, selikli qişada deyil, sümük ətrafında şişin yenidən yarandığını bildirib: "Növbəti əməliyyat aparıldı və bu dəfə həmin nahiyədə sümük götürüldü. Xəstə radioterapiya müalicəsi aldıqdan sonrakı 5 il müddətində tam normal şəkildə həyatına davam edib. Yeganə problem sümüyün götürüldüyü yerdə estetik problem olub”.


M.Davudovun sözlərinə görə, ağızın əməliyyat aparılan hissəsində sümük olmadığına görə, xəstə yeməkləri çeynəyə bilmirmiş: "O nahiyədə boşluq olduğundan, xəstənin üzündə də bir batıqlıq yaranmışdı. Beş il ərzində şiş yenidən yaranmadığı üçün xəstənin istəyinə əsasən biz plastik estetik əməliyyat aparmağa qərar verdik”.


Bu hallarda 2 cür əməliyyat növünün tətbiqi mümkündür. Bunlardan biri "damarlı sümük köçürülmə”sidir. Bu əməliyyat indiyədək ATU Tədris Cərrahiyyə Klinikasının həkimləri tərəfindən dəfələrlə uğurla icra olunub. Sadəcə, bu xəstənin şüa terapiyası alması səbəbindən bu əməliyyat onun üçün riskli hesab edilib. Məhəmməd Davudov bildirir ki, ona görə ikinci növ əməliyyata üstünlük verilib: "Biz qalça sümüyündən "qreft” adlandırılan sümük parçası götürüb, çənəyə uyğunlaşdırdıq. Yanaqdakı yumşaq toxuma batıqlığını isə xəstənin qasıq nahiyəsindən dərialtı derma qatı və onun altındakı piy qatını birgə götürməklə xəstənin batıqlıq olan hissəni bərpa etdik”.


Həkimin sözlərinə görə, artıq xəstənin üzü öz yerini alır. Köçürülən sümük toxumasına 6 aydan sonra diş implantları qoyulacaq və xəstənin dişləri də tam bərpa olunacaq.

Xəbər lenti