Azərbaycan Tibb
Universitetinin (ATU) yuxarı kurs tələbələri bundan sonra universitetin
klinikalarında və bir sıra müalicə müəssisələrində orta tibb təhsili
işçi vəzifələrində işləyə biləcəklər.
ATU-dan XəzərXəbər-ə verilən məlumata görə, bu haqda Universitetin rektoru Gəray
Gəraybəylinin Səhiyyə Nazirliyinə müraciətinə cavab məktubunda
bildirilib. Məktubda qeyd olunub ki, "Əhalinin sağlamlığının qorunması
haqqında” qanununun 46-cı maddəsinə əsasən, ali tibb və əczaçılıq
təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyətinin
müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və
əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Beləliklə Səhiyyə
Nazirliyi ATU tələbələrinin bu vəzifələrdə işləməsinə icazə verib.
Bununla
bağlı müalicə profilaktika fakültəsinin tələbələri 3-cü kursu
bitirdikdən sonra stomatologiya, ictimai səhiyyə və əczaçılıq
fakültəsinin tələbələri isə 4-cü kursu bitirdikdən sonra ATU-nun
klinikalarında və universitetin bazası olan müalicə müəssisələrində
müvafiq orta tibb təhsilli işçi vəzifələrində (diplomaqədər) işə qəbul
oluna bilərlər.