Xəzər Xəbər

“Niyə sensasiyaya çeviriblər ki?..” – DYP-dən yeni açıqlama

Cəmiyyət | 12:51 • 20 Oktyabr 2017
“Niyə sensasiyaya çeviriblər ki?..”

Maşınlardakı defislərin pozulan boya ilə rənglənməsini sensasiyaya çevirmək düzgün deyil.

Bunu Teleqraf.com-a açıqlamasında Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, sürücü ilə yol polisinin yerindəcə aradan qaldırmağa çalışdığı bir problem narazılıq yarada bilməz:

"Boyaların silinməsini faciə edib ictimailəşdirməkdənsə, konkret addımlar atılmalıdır. Dövlət nömrə nişanlarına müdaxilə edən şəxs kimliyindən asılı olmayaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyənləşdirdiyi dövlət standatının tələblərinə riayət etməlidir.

Nömrədə problem varsa, maşın sürücüsü bu problemi könüllü aradan qaldırmalıdır.

Nömrələrdəki defisləri bərpa etmək üçün sürücülərə verilmiş 1 aylıq müddət bitdikdən sonra tələblər yerinə yetirilməzsə, fakt İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollaşdırılacaq”.

Vaqif Əsədov qeyd edib ki, yol polisinin vətəndaşları narazı salmaq niyyəti yoxdur:

"Əksinə, onlarla birlikdə çatışmazlığı aradan qaldırmaq istəyirik. Təbii ki, dövlət nömrə nişanında olan defisin silinməsi məsələsində vətəndaşlar haqlıdır. Hansısa polis əməkdaşı pozulan boyadan istifadə edib. Bu, nə böyük hadisədir ki, onu ictimailəşdirirlər? Çətindirmi bu problemin həlli? Niyə maşınlarındakı defislərin pozulan boya ilə rənglənməsini sensasiya etməliyik?

Qeyd edim ki, maşınlardakı defis polis və sürücünün qarşılıqlı razılaşması əsasında yazılır”.

Xatırladaq ki, "Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov vətəndaşların şikayətlərinə əsaslanaraq bildirib ki, polis əməkdaşları defis işarələrini bərpa edərkən pozulan boyadan istifadə edir.

Xəbər lenti