Dəniz heyvanlarının paraziti olan anizakidlər dünyanın bütün okean və dənizlərində, o cümlədən Xəzərdə müxtəlif növ balıq və digər canlılar arasında geniş yayılıb.
XəzərXəbər bildirir ki, son illərdə bir tərəfdən dünya əhalisinin
çoxalması, digər tərəfdən isə qida məhsullarının hasil və emalının
sənayeləşməsi, bazarın qloballaşması və s. səbəblər anizakidozun
insanlar arasında yayılma ehtimalını kəskin artırıb. Lakin Azərbaycanda
tibb işçilərinin böyük əksəriyyətinin bu parazitoz barədə az məlumatlı
olmasını və Xəzərin bir çox balıq növlərində (qarabal, qara siyənək,
xəsəm, nərə, uzunburun, şişqarın balıqlarında) parazitin sürfələrinin
aşkar olunmasını (T.K.Mikayılov və K.İ.Bünyadova, 2002) nəzərə alaraq,
hesab edirik ki, xəstəliyin vacib aspektləri (patogenezi, klinikası,
diaqnostikası, müalicə və profilaktikası) ilə praktiki həkimləri tanış
etməklə, respublikada əhali arasında bu xəstələrin vaxtında aşkar
edilməsinə və onların müalicəsinin düzgün aparılmasına imkan yaranar.
Qeyd etmək lazımdır ki, 1960-cı illərin əvvəllərində Hollandiyada
insanlarda ağır, bəzən ölümlə nəticələnən və etimologiyası məlum olmayan
bir xəstəlik qeyd olunmuşdu. Aparılan araşdırmalar nəticəsində
xəstəliyin törədicisinin Anizakidae ailəsinə mənsub olan helmint
sürfələrinin olması müəyyən edilmişdi. Sonrakı tədqiqat işləri göstərdi
ki, anizakidlərin yetkin fərdləri dünyanın bütün okean və dənizlərində
yaşayan məməlilər: suiti, delfin, dəniz donuzu, balina və s. (son
sahiblər) arasında geniş yayılıb.
İnsanın anizakidozla yoluxması qidalanmada helmintin sürfələri ilə
invaziya olmuş ilbiz, xərçəng, krevet, balıq və s. aralıq və əlavə
sahiblərə aid olan canlıları çiy və ya tam bişirilməmiş, az duzlanmış,
eləcə də az turşuda olmuş halda istifadə etdikdə baş verir. Balıqlar
tutulduqdan sonra onların bədənində olan sürfələrin bir hissəsi fəal
miqrasiya edərək, başqa üzvlərə (əzələ, küri və kiçik vəzilərə) keçir.
Odur ki, bu üzvləri balıq tutulduqdan sonra dərhal təmizləyib,
qidalanmada istifadə etdikdə, yoluxma ehtimalı kəskin azalır.
Patogenez.
İnsanın mədə-bağırsaq sisteminə düşmüş anizakid sürfələr udlaqdan düz
bağırsağadək selikli və selikaltı qişaya keçərək, iltihabi proseslərə
səbəb olur. Əsasən mədənin divarında və nazik bağırsaqda aşkar olunan
sürfələrin daxil olduğu yerlərdə iltihabi proses, eozinofilli
infiltrasiya, şişmələr, yaralar və hemorragiyalar baş verir. Xəstəliyin
sonrakı mərhələsində eozinofilli qranuolma, nekroz və bağırsaq divarında
perforasiya da (deşilmə) qeyd edilə bilər. Bu vaxt qarın boşluğunda
olan başqa üzvlərdə də patoloji dəyişikliklər baş verir. İltihabi
proseslər və bədənin sinir-reflektor reaksiyası xəstələrdə bağırsaq
keçməməzliyi ilə nəticələnə bilir. Bəzən anizakid sürfələri miqrasiya
edərək, öd kisəsinə, qaraciyər və mədəaltı vəziyə keçir, bu üzvlərdə
iltihabi proseslərin və qranulomaların əmələ gəlməsinə səbəb olur. İnsan
bədənində anizakidlər cinsi yetkin fərdlər mərhələsinə kimi inkişaf edə
bilmir və beləliklə, insan orqanizmi anizakidlər üçün "bioloji sədd"
rolunu oynayır. Anizakidlərin insan orqanizmində yaşama müddəti bir neçə
həftədən 2-3 aya qədərdir. Lakin sürfələrin insan orqanizmində
toksiko-allergik təsiri, eləcə də insanda qranulomaların əmələ gəlməsi
ilə əlaqədar olaraq, xəstələrdə bəzən ağır kliniki əlamətlər aylarla,
hətta bir il davam edir.
Xəstəliyin inkubasion dövrü bir neçə saatdan 14 günə kimidir və kliniki
əlamətlər əsasən sürfələrin yerləşdiyi üzvlərdən asılı olur. Sürfələr
bağırsaq boşluğunda olduqda, kliniki əlamətlər adətən az qeyd edilir.
Sürfələrin mədə divarında lokalizasiyasında isə (ən çox təsadüf edilən
forma) xəstələrdə epiqastral nahiyədə kəskin ağrılar, öyümə, qusma və
bəzən qan ilə qusma baş verir. Xəstələrdə adətən subfebril və febril
hərarət, allergik reaksiya (məxmərək, kvinke şişməsi) qeyd edilir.
Sürfələrin retroqrad (əks) miqrasiyası, yəni mədədən yemək borusuna
keçməsi xəstələrin boğazında qıcıqlanmalar, boğulma və bəzən kəskin
öskürək şəklində təzahür edir. Bağırsağın anizakidozunda xəstələr göbək
nahiyəsində və sağ böyründə kəskin tutma şəkilli ağrılardan, qarın
boşluğunda qurultulardan və meteorizmdən narahat olduqlarını
bildirirlər. Bəzən onlarda qeyd edilən kəskin tutma xarakterli ağrılar
appendisiti və ya bağırsaq keçməməzliyini xatırladır. Müəyyən edilib ki,
Avropa irqli adamlarda anizakidozla yoluxma zamanı əsasən nazik
bağırsaqda dəyişikliklər baş verir və xəstənin qarın boşluğunda tutma
xarakterli kəskin ağrılar, yüksək hərarət, bağırsaq keçməməzliyi ilə
müşayiət olunur. Vaxtında tibbi yardım göstərilmədikdə, perforativ
peritonit və nəticədə ölüm də baş verə bilər.
Xəstəliyin müalicəsində spesifik
antihelmint preparatlardan istifadə edilir. Hamiləlik və uşaq əmizdirmə
müddətində bu preparatlar təyin edilə bilməz.
Son illər Xəzər dənizində balıqların anizakid sürfələri ilə yoluxma
hallarının müəyyən edilməsi də Azərbaycanda əhalinin anizakidozla
yoluxma ehtimalını artırır. Doğrudur, bizdə insanlar arasında bu
xəstəlik hələ aşkar edilməyib. Bununla belə, balıq və başqa dəniz
canlılarından qidalanmada istifadə etdikdə anizakidozla yoluxma
hallarının mümkünlüyünü daim nəzərdə tutmaq və şübhə yaradan hallarda bu
xəstəliyin olub-olmamasını mütləq müəyyənləşdirmək lazımdır.
Profilaktika.
Əhali arasında anizakidozun yoluxma yolları barədə səhiyyə maarifi tədbirlərini gücləndirmək, dəniz balıqlarından hazırlanmış yeməkləri, eləcə də ilbiz, krevet, kalmar, xərçəng və s. canlıları çiy və tam bişirilməmiş halda qidalanmada istifadə etməməklə anizakidozla yoluxmaların qarşısını almaq mümkündür.
Milli.Az