Sərv ağacları meşə yanğınları ilə mübarizədə yardımçı olacaq

10.08.2020 16:00

Yarpaqlarının tərkibində yüksək miqdarda su olan sərv ağacları son zamanlar tez-tez baş verən meşə yanğınları ilə mübarizəyə kömək edəcək.

XəzərXəbər BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekspertləri bütün ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə təbiətin köməyindən istifadə olunmasını təklif edərək xatırladırlar.

Əvvəlcə Amazon, sonra Kaliforniya, daha sonra isə Avstraliyada - keçən il bu yerlərdə fəlakətli yanğınlar baş verdi. Yanğınlar bir neçə yüksək enliklərdəki regionlarda, o cümlədən Sibir və Alyaskada, tez-tez baş verməyə başladı, eləcə də çox nadir hallarda təsadüf edən Arktikanın bəzi yerlərində oldu.

Cari ilin yanvar ayının əvvəllərində Avstraliyada İngiltərənin ərazisinə bərabər olan - 100 min kvadrat kilometrdən artıq sahə yanıb. Bu cür yanğınlar 2019-cu ilin son aylarında Braziliyada tüğyan edirdi. Bütövlükdə keçən il dünya üzrə miqyası 1 kvadratmetrdən artıq olan 4,5 milyondan çox yanğın qeydə alınıb. Bu, 2018-ci ilə nisbətən 400 min, 2001-ci illə müqayisədə 2,5 dəfə çoxdur.

Meşə yanğınlarının yayılmasının qarşısının alınması və azaldılması üzrə tədbirlər sırasına çox vaxt torpaq yanğınından mühafizə zolağının yaradılması üçün meşələrin qırılması daxil edilir.

Lakin UNEP ekspertləri yanğınla mübarizədə təbiətin özünün iştirak etdiyi yeni strategiyasının mövcudluğuna diqqət yetirirlər. Bu, 2012-ci ildə İspaniyada güclü meşə yanğınından sonra kəşf edilib. O zaman Aralıq dənizi bölgəsindəki sərvlər yanğına qarşı bufer və ya sipər oldu. Sərv ağacının yarpaqlarında hətta güclü istidə belə suyun yüksək miqdarı saxlanılır, düşmüş yarpaqlar isə gövdənin bazasında nəm mühit yaradır.

Hazırda bütün Aralıq dənizi bölgəsində sərvlərin "təbii yanğından mühafizə zolaqları” olaraq əkilməsi planları hazırlanır.

UNEP bir daha xatırladır ki, təbiətin bərpası və qorunması – iqlim dəyişikliyi ilə mübarizədə ən uğurlu strategiyalardan biridir. Ekspertlər hər kəsi iqlim dəyişikliyindən qorunmaq üçün təbiətdən istifadə etmə strategiyasından bəhrələnməyə çağırırlar./Azərtac

© xezerxeber.az


200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR