Dəniz suyunun duzsuzlaşdırılması su problemini həll edə bilər

07.08.2020 14:28

Dünyada baş verən ekoloji proseslər, iqlim dəyişiklikləri içməli su qıtlığının yaranmasına gətirib çıxarıb.

Dünyanın bir neçə ölkəsində içməli su qıtlığı probleminin qarşısının alınması üçün görülən işlərdən biri də dəniz suyunun duzsuzlaşdırılmasıdır.

Bu təcrübədən Azərbaycanda da istifadə olunur. Belə ki, Salyan rayonunda yerləşən Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində duzlu su şirin su halına gətirilir.

Zavod gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məqsədi ilə 2012-ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiya əsasında inşa olunub.

Zavodun tikilməsi ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur və Yer kürəsində təmiz suya olan tələbatın get-gedə artması fonunda regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda alternativ mənbələrin üzə çıxarılması, onlardan istifadənin təşkilində təcrübə əldə etmək məqsədilə pilot layihə kimi həyata keçirilmişdir.

İlk mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlıq quraşdırılmışdır.

2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan 2 dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılmışdır.

Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodunun direktoru Qabil Teymurov bildirib ki, dəniz suyu 12 km məsafədən götürülür və ilkin çökməyə məruz qalmış su sonradan nasoslar vasitəsilə anbarlara vurulur.

Dənizdən suyun götürülməsi üçün uzunluğu 200, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilmiş, həcmləri 500 m3 və 200 m3 olan xüsusi örtüklə izolyasiya olunmuş 3 ədəd metal su çəni quraşdırılmış, həcmi 500 m3 olan yeraltı dəmir-beton su anbarı, həcmi 150 m3, 500 m3, 2000 m3, 20000 m3 və 25000 m3 olan geotekstil membran örtüyü ilə izolyasiya olunmuş 6 ədəd su anbarı, avadanlıqların quraşdırıldığı 750 m2 bina, 120 m2 ofis binası və s. inşa edilmişdir.

Zavod rəhbəri qeyd edib ki, bu sudan həm içmək, həm də sahələrin suvarılması məqsədilə çəkinmədən istifadə etmək mümkündür./trend

© xezerxeber.az


180 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR