1,4 tona yaxın narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

03.07.2020 14:36

Bu ilin beş ayında ölkəmizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən təhlil edilərək ümumiləşdirilib.

İşçi Qrupundan xezerxeber.az-a bildiriblər ki, cari ilin beş ayında narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2435 fakt aşkarlanıb. Onlardan 918-i narkotik vasitələrin qanunsuz satışı, 1402-si qanunsuz əldə edilib saxlanılması, 80-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiyası, 35-i isə digər cinayətlərlə bağlı olub. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 364 kiloqram 100,2 qram olan müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 336 kiloqram 151,8 qramını marixuana (24,6 faiz), 160 kiloqram 694,7 qramını tiryək (11,8 faiz), 753 kiloqram 388,1 qramını heroin (55,3 faiz), 18 kiloqram 877,6 qramını həşiş (1,4 faiz), 94 kiloqram 594,4 qramını psixotrop maddələr və digərləri (6,9 faiz) təşkil edib.

Aidiyyəti qurumlar tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə yaş kütləsi 15 ton 263 kiloqram olan 54 min 537 yabanı halda bitmiş narkotik xassəli bitkilər aşkarlanaraq müvafiq qaydada məhv edilib. Yaş kütləsi 491 kiloqram 300 qramını çətənə, 1 kiloqram 700 qramını xaş-xaş narkotik tərkibli bitkiləri narkotik xassəli çətənə və xaş-xaş bitkiləri müəyyənləşdirilərək prosessual tədbirlər görülməsi üçün istintaq orqanlarına verilib.

Hesabat dövründə cinayət məsuliyyətinə 1435 nəfər cəlb edilib. Onlardan 4 nəfər 16-18, 122 nəfər 18-25, 250 nəfər 26-29, 1059 nəfər isə 30 yaşdan yuxarıdır. Məsuliyyətə cəlb olunanlardan 42 nəfəri xarici ölkə vətəndaşıdır. Əcnəbilərdən 25-i İran, 10-u Rusiya, 6-sı Gürcüstan, 1-i isə Pakistan vətəndaşıdır.

Ümumilikdə hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmış cinayət faktlarının 115-i qaçaqmalçılıq yolu ilə törədilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 636 kiloqram olan müxtəlif növ narkotik vasitələr çıxarılıb. Bundan əlavə, aşkarlanmış cinayət faktlarının 178-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 429,7 kiloqram narkotik vasitə və 43 kiloqram psixotrop maddə müsadirə edilib.

Eyni zamanda, qanunsuz dövriyyədən çıxarılmış 1 ton 364 kiloqram 100,2 qram narkotik vasitənin 336 kiloqramını (24,6 faiz) yüngül təsirə malik olan marixuana təşkil edib.

Təhlillər göstərir ki, bu ilin beş ayında qeydiyyata alınmış cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 325 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 54,7 kiloqram, qrup şəklində törədilmiş cinayətlərin sayı 65 fakt, əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilən cinayətlərin sayı 147 fakt, məsuliyyətə cəlb edilən şəxslərin sayı 234 nəfər artıb. Lakin məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı 43 nəfər, qaçaqmalçılıq ilə bağlı qeydə alınmış cinayətlərin sayı 49 fakt azalıb.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2019-cu il dekabrın 31-dək olan məlumatına əsasən, Mərkəzdə qeydiyyatda 32 min 921 nəfər narkotik istifadəçisi vardır ki, onlardan 27 min 574 nəfəri dispanser, 5347 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 641-i qadın, 249-i toksikoman, 22 min 871-i (512 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir.

Cari ilin beş ayında Respublika Narkoloji Mərkəzində 2054 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 359 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1190 nəfəri "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11), 13 nəfəri kannabinoidlərin qəbulu ilə bağlı psixi və davranış pozuntuları, 3 nəfəri "Sedavitlərin və yuxugətiricilərin qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (13), 14 nəfəri "Digər stimulyatorların (o cümlədən kofeyinli) qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (15), 465 nəfəri "Eyni zamanda bir neçə narkotik maddənin və psixotrop maddənin qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (19) diaqnozları ilə stasionar müalicəyə qəbul olunub.

Hesabat dövründə Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlanılması təmin olunub və ekspertizadan cəmi 1405 nəfər keçib. Onlardan 988 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub. Beş ayda mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 16 nəfərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli qərarı ilə ölkəmizdə "Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları” təsdiq edilib. Bu proqramlar inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almağa yönəlib. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən dörd məntəqədə proqram çərçivəsində 563 xəstə müalicə alır. Onlardan Respublika Narkoloji Mərkəzdə 155 nəfəri, 335 nəfəri QİÇS-lə Mübarizə Mərkəzindədir. Sumqayıt şəhər rayonlararası narkoloji dispanserdə isə 73 nəfər müalicə olunur.

© xezerxeber.az

FOTOQALERIYA






109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR