Havanın temperaturu gündən-günə yüksələcək - Umayra Tağıyeva AÇIQLADI

26.05.2020 15:46

Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun dəfələrlə dəyişdiyini görəndə buna bir daha əmin oluruq.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar: "Hava dəyişkənliyi bir çox hadisələrlə, Abşeron yarımadasında adətən güclü küləklərlə, respublikanın rayonlarında isə, xüsusilə dağlıq və dağətəyi rayonlarda ildırım, dolu və leysan yağışlarla müşayiət olunur. Dəyişkənlik fiziki xüsusiyyətlərinə görə tamamilə fərqli hava kütlələrinin daim yerdəyişməsi səbəbindən yaranır. Bu, ona görə baş verir ki, bizim planetin hər bir ərazisi Günəş tərəfindən həm müxtəlif bucaq altında qızdırılır, həm də Yer səthi qeyri-bərabər örtüyə malikdir. Hər saat haradasa güclənən və ya səngiyən siklonların, antisiklonların və atmosfer cəbhələrinin yaranması hava kütlələri ilə əlaqəlidir”.

U.Tağıyevanın sözlərinə görə, faktiki hava ilə bağlı müşahidə növbəti dövr üzrə proqnoz üçün vacib informasiya hesab olunur: "Böyükhəcmli informasiyaları superkompüterlər emal edir və hesablama aparılır. Lakin, insan iştirakı olmadan keçinmək mümkün deyil. Kompüter proqramı sinoptikin əməyini yalnız yüngülləşdirir, lakin onu əvəz etmir”.

"Demək olar ki, mayın axırınadək temperaturun aşağı düşməsi və güclü küləklə müşayiət olunan frontal proseslərin baş verməsi gözlənilmir. Mülayim küləkli yumşaq hava proqnozlaşdırılır. Havanın temperaturu gündən-günə yüksələcək. Lakin, kütlədaxili proseslər istisna deyil. Böyük və Kiçik Qafqazın dağətəyi rayonlarında yer səthi kifayət qədər qızdığı zaman yuxarı təbəqələrə qalxan isti hava kütlələri nəticəsində dolunun formalaşmasına zəmin yaranır. Bu proseslər bir qayda olaraq bir neçə dəqiqə davam edir və müəyyən zolaqlar üzrə lokal ərazini tutur”, - deyə xidmətin rəisi qeyd edib.

U.Tağıyevanın sözlərinə görə, bu il aprel ayından başlayaraq ölkəmizin ərazisində artıq 8 dolu hadisəsi müşahidə olunub: "Azərbaycanda dolu hadisələri üzrə statistikaya baxsaq görərik ki, əgər 2000–2010-cu illər üzrə 2-dən 14-ə qədər dolu hadisəsi qeydə alınmışdısa, sonuncu onillikdə diapazon əhəmiyyətli dərəcədə dəyişib. Dolu ilə bağlı hadisələrdə ümumi sayın artımı fonunda illərarası paylaşmada nəzərəçarpacaq dəyişkənlik müşahidə olunur. Misal üçün, əgər 2012-ci ildə 77 hadisə olmuşdusa, 2013-cü ildə 24, 2014-cü ildə 93, növbəti ildə isə 52 belə hadisə qeydə alınıb. 2016-cı ildə iki dəfə az dolu hadisəsi olub, lakin 2018-ci ildə kəskin artaraq 83-ə çatıb. Keçən il isə 54 dolu hadisəsi qeydə alınıb. Havanın ayrı-ayrı hadisələrini, onların intensivliyini və təkrarlığını təhlil edərkən bir daha əmin oluruq ki, təhlükəli və əlverişsiz hava hadisələrinin tez-tez baş verməsinə görə dünya iqlimşünaslarının narahatlığına faktiki əsas var. Sinoptiklər üçün isə bütün bu hadisələr gözlənilməz deyil”.

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR