Zaur Əliyev: TƏBİB-in tabeliyindəki bütün tibb işçilərinə aylıq maaşları verilib

20.02.2020 11:38

Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb işçilərinə aylıq maaşlarına əlavələrin verilməsi üçün hesablamalar aparılır.

Xezerxeber.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Idarə Heyətinin sədri Zaur Əliyev bugün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, görülən tədbirlərdən biri də səhiyyə işçilərinin əməkhaqlarına tətbiq edilən əlavələrlə bağlıdır. Yeni Qaydaya əsasən tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir: "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan bütün tibb işçilərinə aylıq maaşları verilib. Əməkhaqlarına əlavələrin tətbiqi isə vaxt tələb edir. İcbari tibbi sığorta səhiyyə sahəsində aparılan əhəmiyyətli islahatdır. Azərbaycan səhiyyə sistemində ilk dəfədir ki, səhiyyə işçilərinin əməyi xidməti fəaliyyətin iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilir. Gələcəkdə səhiyyə işçilərinin əməyinin keyfiyyət göstəricisinə görə də qiymətləndirilməsi nəzərdə tutulur".

Z.Əliyev bildirib ki, hazırda tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri bonus və əlavələrin hesablanması üzərində çalışırlar:" Agentlik də tibb müəssisələrinə bu istiqamətdə öz dəstəyini göstərir. Yaxın zamanda səhiyyə işçiləri əməkhaqlarına əlavələrini də alacaqlar”.

Z.Əliyev bildirib ki, n övbəti yeniliklərdən biri də Agentliyin "Sığortaolunanın Tibbi Kabineti” adlı yeni elektron xidmətinin "myGov” portalına inteqrasiya olunması ilə bağlıdır. Artıq vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri "MyGov” portalından sözügedən tibbi kabinetə daxil olaraq izləyə biləcəklər.

© xezerxeber.az


199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR