16 şagird məktəbi vaxtından qabaq bitirmək üçün imtahan verib

17.01.2020 15:04

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xezerxeber.az-a verilən xəbərə görə, qeydiyyatdan keçmiş 16 şagird hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdirib.

Nəticələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yaradılmış komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar. Bu mərhələdən də uğurla keçən III sinfin I yarımilində oxuyan şagird IV sinfin II yarımilində, VIII sinfin I yarımilində oxuyan şagird IX sinfin II yarımilində, X sinfin I yarımilində oxuyan şagird isə XI sinfin II yarımilində təhsilini davam etdirə biləcək.
Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR