Qulağınıza səslər gəlir, gözünüzə nəsə görünür? – Ən çox bu adamlarda olur

16.10.2019 16:50

Hallüsinasiya ilə bağlı zarafatlar əyləncəli və gülməli gələ bilər. Lakin bu hallüsinasiyalar sizdə baş verdikdə, elə də gülməli olmur. Daimi stress hallüsinasiyalara gətirib çıxarda bilər. Amma bunlardan qurtulmaq elə də asan deyil.

XəzərXəbər Medicina.az-a istinadla hallüsinasiya barədə araşdırmanı təqdim edir. Hallüsinasiya - mövcud olmayan bəzi obyektləri görmək, eşitmək, qoxusunu hiss etmək, toxuna bilmək kimi səhv duyğuların beyin tərəfindən gerçək kimi qəbul edilməsidir.

Hallüsinasiya termini illüziya ilə bənzərlik təşkil edir. İllüziya müəyyən bir görüntünün göz tərəfindən səhv qəbul edilməsinə deyilir. İllüziyalar insanın görmə bucağı dəyişdiyi zaman baş verir. Hallüsinasiyalarda isə adam gördüyü şeylərin həqiqi olduğuna inanır və onları realda hiss edirmiş kimi yaşayır. Halyusinasiyalar müxtəlif psixi xəstəliklərdə təsadüf oluna bilər. Görmə halyusinasiyaları cinlər, yaxın yerdə olmayan insanlar, həyatda olmayan insanlar, müxtəlif canlılar, qorxulu səhnələr gözə görünə bilər. Çox vaxt bu qorxunc, xoşagəlməz, təhlükəli görüntülər olur.

Görmə hallüsinasiyalar
intoksikasiyalar (zəhərlənmə ) zamanı, spirtli içkilər, narkotik vasitə qəbul edən insanlarda, MSS-nin xəstəlikləri zamanı yarana bilər. Əksər halda belə qarabasmalar müalicəyə tabe olur. Bəzən 1-2 venadaxili sistem və keyfiyyətli yuxu kifayət edir.

Eşitmə hallüsinasiyaları
insanın qulağına müxtəlif səslər, o cümlədən insan danışığı səsləri gəlir. Səslər əmrverici, şərhedici ola bilər, bəzən bir neçə insanın səsi, dialoqu olur. Psixi xəstəliklər və əsasən şizofreniya xəstəliyi zamanı təsaduf edilir. Şizofreniya zamanı xəstənin qulağına gələn səslər ona, özünə və ya ətrafdakılara qarşı təhlükəli hərəkətlər etməyi əmr edə bilər: "özünü öldür", "biçaq götür, kimisə biçaqla" və s. Cinayət törətmiş şizofreniyalı xəstələrin arasında "əmr edici" halyusinasiyaların təsiri altında olan xəstələr az olmur.

Hallüsinasiyaya tutulan xəstələrdə yanlış qavrayış üstünlük təşkil edir. Onlar öz qavrayış hissinə əmindirlər. Onlara elə gəlir ki, onların gördüyü və düşündüyü qeyri-real hadisələr ətraf mühitdə gerçəkdən mövcuddur. Hallüsinasiyanı illüziyadan fərqləndirmək lazımdır. İllüziya (latınca illusio - yanlış fikir, yalan) - real, mövcud olan obyektin və ya hadisənin təhrif olunmuş qavrayışıdır. Amma hallüsinasiya zamanı yanlış qavrayış subyekt özü olmadığı halda yaranır.

Hallüsinasiya sağlam insanda da yarana bilər. Həddindən çox işləmək, sistematik yuxusuzluq müəyyən vaxtdan sonra hallüsinasiyanın yaranmasına gətirib çıxarır. Kiçik uşaqlar, hətta bəzi böyüklər də yatmazdan əvvəl və ya yuxudan oyananda hallüsinasiyaya tutulur. Buna səbəb isə gözlərin erkən sürətli hərəkəti adlı yuxu fazasıdır. Bu fazada insanlar parlaq yuxular görürlər. Hallüsinasiya psixoloji və ya somatik xəstəliklər zamanı, bəzi dərmanların, spirtli içki və ya narkotik maddələrin qəbulu nəticəsində də yarana bilər.

Həmçinin, psixoloji depressiya da bura aiddir. Depressiyanın bu ağır formasına adətən hamiləlikdən sonrakı dövrdə və yaşlı xəstələrdə tez-tez rast gəlinir. Hallüsinasiyanın təzahürü vaxtında müalicə edilməzsə, bu xəstəlik inkişaf edə bilər.

Mütləq həkimə, psixoloq və ya psixiatra müraciət etmək lazımdır. Müasir preparatlar uğurla bu işin öhdəsindən gələ bilir. Bu psixi pozuntunun öhdəsindən daha yaxşı nəticəni isə psixiatr və psixoloqun birgə fəaliyyətindən əldə etmək olar. Özünüzü və sağlamlığınızı qoruyun. Sağlamlıq insan üçün çox vacib və əhəmiyyətlidir.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR