Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycanda hər il 400-dək insan həyatına son qoyur

15.10.2019 11:49

Oktyabrın 15-də Bakıda Dünya Psixi Sağlamlıq Gününə həsr olunmuş "Psixi Sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilir.

Xezerxeber.az xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Dünya Psixi Sağlamlıq Gününün qeyd olunmasını psixi sağlamlığın problemləri, onun möhkəmləndirilməsi və profilaktik üsulları barədə ictimaiyyətin məlumatlılığının artırılması məqsədi daşımasını diqqətə çatdırıb. Bildirilib ki, dünyada hər 40 saniyədə bir nəfər öz həyatına son qoyur: "Dünya Səhiyyə Təşkilatının bu göstəricisi intihar hallarının dünya miqyasında nə dərəcədə ciddi məsələ olduğunu göstərir. Digər ölkələrlə müqayisədə Azərbaycanda belə halların sayı çox olmasa da, təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə hər il 400-dək insan həyatına son qoyur”.

Öz çıxışında Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycan üzrə rəhbəri Hande Hermançı, UNİSEF-in Azərbaycan üzrə rəhbəri Edvard Karvardin, Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, "Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev bildiriblər ki, DST və tərəfdaşları nəinki intiharın əleyhinədirlər, həm də özünəqəsdə cəhd edən adamların lazımi qaydada müalicə edilməsini və nəzarətdə saxlanmasını, həmçinin intihar hadisələrinin kütləvi informasiya vasitələrində ehtiyatla işıqlandırılmasını vacib sayırlar. Diqqətə çatdırılıb, 1992-ci ildən etibarən hər il oktyabrın 10-u Dünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Psixi sağlamlıq insanın öz qabiliyyətini reallaşdıra bildiyi, adi həyat stresslərinin öhdəsindən gəldiyi, səmərəli çalısa bildiyi vəziyyətdir. Konkret məqamda insanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur. Dünya üzrə faktlar göstərir ki, davamlı sosial-iqtisadi təzyiq, yoxsulluq, o cümlədən təhsil səviyyəsinin aşağı olması həm ayrı-ayrı fərdlər, həm də icmalar üçün psixi sağlamlığın risk amillərinə aiddir. Sürətli sosial dəyişikliklər, işdə stress vəziyyəti, gender ayrı-seçkiliyi, sosial təcrid, qeyri-sağlam həyat tərzi, zorakılıq təhlükəsi, fiziki xəstəliklər, eləcə də insan hüquqlarının pozulması da psixi sağlamlığın pozulmasını şərtləndirən amillərə aid edilir. Bundan əlavə, insanları psixi pozuntulara həssas edən xüsusi psixoloji və şəxsiyyət amilləri, həmçinin genetik faktorlar və beyində kimyəvi maddələrin tarazlığının itməsi kimi bioloji səbəblər də var. Statistikaya görə, orta hesabla, dünyada zorakı ölüm hadisələrinin yarısı intiharların payına düşür. Bütün dünyada intiharın vaxtsız ölümün qarşısı alına bilən əsas səbəblərdən biri olduğu barədə ictimaiyyəti daha çox məlumatlandırmaq lazımdır. Hər bir hökumət intiharların qarşısının alınması üçün milli strategiya hazırlamalı və əhali arasında intihar və özünə qəsd əhval-ruhiyyəsinin profilaktikası üçün konkret tədbirlər həyata keçirməlidir. Hesablamalara görə, dünyada uşaq və yeniyetmələrin təxminən 20 faizinin psixi pozuntuları və ya problemləri var. Bununla belə, ölkələrin əksəriyyətində uşaq psixiatrlarının sayı çox azdır. Depressiya dünyada əlilliyə səbəbi olan ən başlıca xəstəliklərdəndir. Hər il yer üzündə orta hesabla 800 min insan intihar edir. Halbuki intiharın əksər hallarda səbəbi olan psixi pozuntuları müalicə etmək mümkündür. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir. Müharibələr və digər fəlakətlər də psixi sağlamlığa əhəmiyyətli dərəcədə təsir göstərir.

Konfransın elmi hissəsi tematik məruzələrlə davam edib.

© xezerxeber.az


214 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR