DİM magistraturanın boş qalan yerlərinə qəbul elan edib

23.07.2019 10:05

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul elan edib.

Mərkəzdən xezerxeber.az-a verilən məlumata görə, 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul 24 fevral və 26 mayda keçirilmiş iki mərhələli qəbul imtahanında toplanmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmuş (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 23 iyul saat 10:00-dan 30 iyul saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

© xezerxeber.az


215 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR