Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

22.07.2019 10:29

Rezidenturaya qəbul olmaq üçün namizədlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM) xezerxeber.az-a bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün http://eservices.dim.gov.az/erizerez/ixtisas1/ internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər. İxtisas seçimi iyulun 22-dək aparılacaq. İyulun 22-si saat 10:10-a olan məlumata görə, 301 (Azərbaycan bölməsi – 267, rus bölməsi – 34) namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib. Müsabiqəyə yalnız "Namizədin elektron ərizəsi”ndə ixtisasları seçmiş və təsdiq etmiş namizədlər buraxılacaqlar.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri DİM tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı balların cəminə (ümumi bal) əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

"Rezidentura” jurnalının 3-cü nömrəsində "Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib. Bu nömrədə, həmçinin 2018-ci ildə rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr təqdim olunub.

Jurnalı DİM-inı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən "Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR