İsa Həbibbəyli yeni orfoqrafiya lüğətindəki mübahisəli sözlər barədə danışdı

09.07.2019 09:19

Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən yeni hazırlanan orfoqrafiya lüğətində mübahisəli söz yoxdur, bu cür sözlər Nazirlər Kabineti Azərbaycan dilinin orfoqrafiya normalarını təsdiq edənə qədər var idi.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Akademikin sözlərinə görə, hazırda AMEA-da orfoqrafiya normalarına uyğun şəkildə yeni lüğətin hazırlanması prosesi gedir:

"Əlbəttə ki, bu, çox məsuliyyətli işdir. Ciddi şəkildə müzakirələr aparılır. Bu müzakirələrin gedişində alimlər tərəfindən müəyyən mübahisələr yaranır. Lakin bunlar elmi mübahisələrdir, sözlərin mahiyyətini dəyişməyə xidmət edən məsələlər deyil. Məncə, məsələyə bir qədər fərqli yanaşmaq lazımdır. Artıq bizim mübahisə etməyə ixtiyarımız yoxdur. Qəbul edilmiş normalar hamı üçün eyndir. Onun əsasında isə orfoqrafiya lüğəti hazırlanır".

İ.Həbibbəyli lüğətin bu ilin payızında hazır olacağına ümid etdiyini söyləyib.

Qeyd edək ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib. Həmin dövrdən keçən 6 il ərzində dilimizə daxil olan 4000 yeni söz cəmlənərək yeni lüğətə daxil edilib. Ümumilikdə, yeni lüğətdə 112 minə yaxın söz var.

Bu il Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin orfoqrafiya normaları yeniləndikdən sonra yeni lüğətin hazırlanması və çap edilməsi zərurəti yaranıb.

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR