Toğrul Musayev: Notarius korpusunun 60 faizini yeni nəsil notariuslar təşkil edir

08.07.2019 17:59

Son illər Azərbaycan Prezidentinin rəhbərliyi ilə reallaşdırılan genişmiqyaslı islahatlar nəticəsində iqtisadiyyatın davamlı inkişafı təmin olunub, əhalinin həyat şəraiti xeyli yaxşılaşıb, mülki dövriyyənin dairəsi əhəmiyyətli dərəcədə genişlənib, bu münasibətlərin tənzimlənməsində vacib rol oynayan notariat sahəsində məqsədyönlü islahatlar aparılıb. Ölkədə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olaraq notariat xidmətinin müasirləşdirilməsi çərçivəsində qanunvericilik qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə daim təkmilləşdirilib. Təkcə son beş ildə "Notariat haqqında” Qanuna və digər normativ-hüquqi aktlara 40-dan çox mühüm dəyişikliklər edilib.

Bunu iyulun 8-də Ədliyyə nazirinin müavini Toğrul Musayev Bakıda Azərbaycan Notariat Palatasının təsis yığıncağında deyib.

Toğrul Musayev qeyd edib ki, notariat xidmətlərinə artan tələbatı nəzərə alaraq, notariat sahəsini ixtisaslı kadrlarla təmin etmək məqsədilə Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslər üçün 2007-ci ildən şəffaflıq və aşkarlıq şəraitində mütəmadi müsabiqələrin keçirilməsinə başlanılıb. Hazırda notarius korpusunun 60 faizini yeni nəsil notariuslar təşkil edir. Bir ay bundan əvvəl yekunlaşan növbəti müsabiqədən uğur qazanmış namizədlər də bu gün hazırkı tədbirdə notarius qismində iştirak edirlər.

Ədliyyə nazirinin müavini bildirib ki, islahatlar nəticəsində xüsusi notarius institutu formalaşdırılıb, bu zaman yarana biləcək potensial risklər nəzərə alınaraq, bu sahədə tədbirlər mərhələli şəkildə həyata keçirilib. Hazırda ölkə üzrə fəaliyyət göstərən notariusların təqribən 88 faizini, Bakı şəhəri üzrə isə 97 faizini xüsusi notariuslar təşkil edir. Vətəndaşların hüquqlarının təminatçısı olan notariusların səlahiyyətlərinin daim genişlənir.

© xezerxeber.az


76 dəfə oxunub

XƏBƏRLƏR

15.07.2019 22:41

Kainat fırlanırmı?

ÇOX OXUNANLAR