Növbəti stansiya "Nizami"...

20.06.2019 17:14

"Bir dəqiqə ərzində sərnişinin stansiyanı tərk etməsi, sərnişinə ciddi narahatlıq yaratmır" - B.Məmmədov

"Hazırda metronun "Xətai" stansiyasında 3 eskalatorun yerinə 4-ü quraşdırılır. İstismar müddəti bitdikcə eskalatorlar yenilənir. Bu qayda ilə növbəti stansiya "Nizami" olacaq. Bir neçə ildən sonra, yəni 2026-cı ildə metronun "Nizami" stansiyasında eskalatorlar dəyişdiriləcək".

Bu barədə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O, digər eskalatorların vəziyyətindən də danışıb: "Digərlərini ən müasir eskalator saymaq olar. Çünki hazırda işlək olan eskalatorların 75 faizindən çoxu müasirdir".

B.Məmmədov metronun "Xalqlar Dostluğu" stansiyasındakı eskalatorların durumu ilə bağlı da məlumat verib: "Ümumiyyətlə, sovet dövründə quraşdırılan eskalatorların istismar müddəti 40-50 ildir. Bu müddət eskalatorların tipinə uyğun olaraq dəyişilir. O ki, qaldı metronun "Xalqlar Dostluğu" stansiyasına, oradakı eskalatorlar saz vəziyyətdə işləyir, heç bir problemi yoxdur. Eskalatorlarda elə bir problem yoxdur ki, onun vaxtından öncə dəyişdirilməsini zəruri eləsin".

Bu gün tələbələrin bir hissəsinin Bakını tərk etməsi müəyyən qədər sıxlığı aradan qaldırsa da, stansiyalarda fəaliyyət göstərən eskalatorlardan birinin söndürülməsi bir qədər sıxlığa səbəb olur. B.Məmmədov bu problemə də toxunub: "Eskalatorların iş qrafiki sərnişin sıxlığının optimal hədləri nəzərə alınaraq tərtib olunur. Əlavə sıxlıq yaranarsa, bununla bağlı müvafiq qərar verilir. Bütün stansiyalarda eskalatorların fəaliyyəti daimi nəzarət altındadır. Onların fəaliyyəti və vəziyyəti ilə bağlı mütəmadi müşahidələr aparılır. Sərnişin sıxlığı yarandıqda dərhal eniş, yaxud da yoxuşa doğru istiqamətlənən eskalatorlar yenidən işə salınır".

Həmsöhbətimiz yaranan narazılıqlara da aydınlıq gətirib: "Bir də görürsən sərnişin deyir ki, metroda yaranan problemlə əlaqədar olaraq 5-10 dəqiqə gözləməli olub. Lakin işi araşdırdıqda bəlli olur ki, sərnişin maksimum 1 dəqiqə gözləməli olub. 1-1,5 dəqiqə ərzində sərnişinlər platformanı tərk edir. Növbəti qatar təxminən 4-5 dəqiqə sonra gəlir. 3 dəqiqə ərzində iki eskalator boş hərəkət edir. Bu isə əlavə enerji sərfiyyatı, avadanlığın səmərəsiz işləməsi deməkdir. Məncə, 1 dəqiqə ərzində sərnişinin stansiyanı tərk etməsi, sərnişinə ciddi narahatlıq yaratmır. Bununla belə daimi nəzarət, müşahidə və monitorinqlərlə vəziyyət daimi nəzarət altında saxlanılır".

"Bəzi stansiyalarda apardığımız monitorinq nəticəsində bəlli olub ki, sərnişin eskalatora görə 30-40 saniyədən artıq gözləməyib. Amma danışanda belə deyirlər ki, biz 5 dəqiqə gözləmişik. Bu da yerin altında olma və müəyyən psixoloji təsirlərlə əlaqədardır. Bəzən qatarla gedəndə də bir dəqiqə adama beş dəqiqə kimi görünür" – deyə B.Məmmədov əlavə edib.

© xezerxeber.az


258 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR