Xəzər Xəbər

Türkiyədə qaldıqları yataqxanalar karantinə çevrilən tələbələrimiz başqa yerlərdə otaqlarla təmin olunublar

Cəmiyyət | 09:16 • 25 Mart 2020
Türkiyədə qaldıqları yataqxanalar karantinə çevrilən tələbələrimiz başqa yerlərdə otaqlarla təmin olunublar

Türkiyədə bəzi tələbə yataqxanaları karantin mərkəzinə çevrilib. Təlimata əsasən bu yataqxanalardakı tələbələr, o cümlədən soydaşlarımız digər yataqxanalarla təmin olunublar. Bundan başqa, yataqxana ilə təmin olunmayan və ya təklif olunan yeni yerləşmə yerlərindəki şəraitdən narazı qalan tələbələrin müraciətlərinə operativ qaydada baxılır və onlara müvafiq qaydada kömək göstərilir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova ifadə edib. Müşavir deyib: "Hazırda Türkiyədə 20 mindən çox azərbaycanlı tələbə təhsil alır. Onların, mütləq əksəriyyəti Türkiyə tərəfinin məlum infeksiya riski ilə bağlı özünütəcrid şəraitində yaşayır və distant dərslərlə təhsillərini davam etdirirlər. Səkkiz yüzə yaxın tələbəmiz öz istəkləri ilə artıq vətənə göndərilib. Təəssüf ki, karantinə çevrilən yataqxanalardan başqa, yerləşmə yerlərinə köçürülən tələbələrimizlə bağlı şayiə xarakterli məlumatlar yayanlar da var. Bu barədə yayılan söz-söhbətlər tamamilə əsassızdır. Bütün bu iddialar tərəfimizdən araşdırılıb. Bununla bağlı Türkiyə Respublikasının müvafiq qurumlarının səlahiyyətli şəxsləri ilə əlaqə saxlanılıb və bu iddiaların tamamilə əsassız olduğu bir daha öz təsdiqini tapıb. Təəssüflə qeyd etmək istərdim ki, bəzi tələbələr Türkiyə hökumətinin infeksiyanın yayılma riskinin qarşısını almaq üçün qəbul etdiyi qərarları və təlimatları məsuliyyətsiz şəkildə pozurlar. Hətta onların bir qismi Türkiyə-Azərbaycan sərhədinə gediblər. Sərhəd qapılarında videogörüntülər hazırlayır və onları sosial şəbəkədən yayırlar. Həmin tələbələrlə əlaqə yaradılıb. Tələbələrin nümayəndələri Azərbaycana qayıtmaq məqsədilə yataqxanalarla təmin olunmadıqları ilə bağlı yalan informasiya yaydıqlarını etiraf ediblər. Açıq bildirirlər ki, onları bu addımları atmağa bəzi qüvvələr təhrik ediblər. Məlum olduğu kimi Azərbaycan hökuməti soydaşlarımızın təxliyəsi üçün çarter reyslər təşkil etməkdədir. Dövləti əhəmiyyət daşıyan bu proses əlaqələndirilmiş şəkildə nizamlı qaydada davam etdirilir. Ardıcıllıqla davam etdirilən bu təxliyə prosesində hər yerdə olduğu kimi azyaşlı uşaqları olan ailələrə, yaşlılara və xəstələrə xüsusi diqqət ayrılır. Ölkəyə gətirilən vətəndaşların karantin mərkəzlərinə yerləşdirilməsi ilə əlaqədar təxliyə işləri qrafikə uyğun davam etdirilir. Bütün bu işlərə kölgə salmaq üçün edilən istənilən hərəkət təxribat xarakterlidir. Bir daha təkrar edirəm, Türkiyənin Təhsil Nazirliyi digər qurumlarla birlikdə ölkənin ali və orta məktəblərinə dair tədris prosesini distant metodla televiziya kanalları və internet üzərindən təmin edib. Bütün azərbaycanlı tələbələr yataqxana ilə təmin olunublar. Distant tədrisdən geri qalan tələbələr dərs prosesi normal vəziyyətə döndükdə digər problemlərdən xilas olacaqlar. Tövsiyə edirik ki, tələbələr Türkiyə dövlətinin qanunlarına əməl edərək onlar üçün ayrılan yataqxanalarda yerləşməklə həm özlərinin, həm ünsiyyətdə olduqları digər şəxslərin sağlamlığının qorunmasını təmin etməklə bərabər, həm də dərslərindən geri qalmasınlar. Qeyd etməliyəm ki, tələbəmizin bəziləri yenə də səfirliyin nəzdində yaradılmış "qaynar xətt” vasitəsilə qeydiyyatdan keçərək Azərbaycana getmək istədiklərini bildiriblər. Bütün bu müraciətlər qeydiyyata alınır”.

Xəbər lenti