Xəzər Xəbər

Professor Əjdər Ağayevin 80 illik yubileyi qeyd olunub

Cəmiyyət | 16:29 • 27 Oktyabr 2017
Professor Əjdər Ağayevin 80 illik yubileyi qeyd olunub

Bakı Mühəndislik Universitetinin Pedaqogika Kafedrasının professoru, Azərbaycan Respubilkası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar müəllim Əjdər Ağayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Yubiley tədbirində Azərbaycan Ağsaqqallar şurasının sədri Fəttah Heydərov, Təhsil Nazirinin müavini Yaqub Piriyev, AMEA–nın Mexanika–Riyaziyyat Institutunun direktoru Misir Mərdanov, Azərbaycan Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Qeyri-Hökümət Təşkilatları Forumuunun prezidenti Rauf Zeyni, Bəstəkar Oktay Rəcəbov, Ali Məktəb və elmi tədqiqat universitetlərinin nümayəndələri, pedaqoqlar, şairlər, orta məktəb müəllimləri və tələbələr iştirak edib.

Yubiley tədbiri Əjdər Ağayevin həyatından bəhs edən filmin izlənilməsi ilə başlayıb.

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayıb və yubilyar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, professor ömrünün 60 ilini Azərbaycan elminə, pedaqogikanın inkişafına həsr edib. Əjdər Ağayev 50 nəfərdən çox elmlər doktoru və fəlsəfə doktoru yetişdirib. 500-dən çox elmi əsərin, 40-dan çox kitabın müəllifidir.Eyni zamanda Əjdər müəllim şair, yazıçı və jurnalistdir. Onun şeirlərinə mahnılar bəstələnib, pyesləri səhnələşdirilib. Hələ sovet dövründə dövlət televiziyasında xüsusən gənclərin maarifləndirilməsində mühüm yeri olan verilişlərin müəllifi olub. Rektor yubiley tədbirinin təşkilində Təhsil Nazirliyinin diqqət və qayğısından da danışıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin elmə, elm adamlarına və ağsaqqallara olan diqqət və qayğısından danışıb. Ağsaqqallar şurasının idarə heyətinin üzvü olan Əjdər Ağayevin ölkəmizin ictimai-siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirib və ölkə ağsaqqalları adından səmimi təbrikini çatdırıb.

Yubilyarı təbrik edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov qeyd edib ki, Əjdər müəllimin ADPU məzunu olduğu və hər zaman, elə indidə universitetin inkişafına töhvə verdiyi üçün onunla fəxr edirik.

AMEA-nın Mexanika-Riyaziyyat İnstitutunun direktoru Misir Mərdənov Əjdər Ağayevi təbrik edib. 1998–ci il 25 sentyabrda Ümummilli liderimiz Heydər Əliyevində iştirak etdiyi müəllimlərin ilk respublika konfransından və Təhsil şurasının yaranmasından, Əjdər Ağayevin Təhsil şurasına sədr seçilməsindən danışıb.

Təbrik nitqi söyləyən digər natiqlər Yubilyarın elmi nəaliyyətləri ilə yanaşı insani keyfiyyətlərindən, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasındakı rolundan danışıb, ona uzun ömür, can sağlığı, yeni-yeni nəaliyyətlər arzulayıblar. Xüsusilə vurğulayıblar ki, sizin kölgənizdə alimliklə yanaşı insanlıq formalaşır.

Professor Əjdər Ağayev tədbirə təşrif buyuran insanlara təşəkkürünü bildirib. Tədbirin təşkili üçün mənə doğma olan Bakı Mühəndislik Universitetinin kollektivinə və hörmətli rektorumuz Havar müəllimə minnətdaram. İnsanın sevincinə şərik olmaq ona verilən böyük dəyərdir. Mənə verdiyiniz bu dəyər daha məsuliyyətli olmağıma stimuldur.

Yubley tədbiri BMU-nun tələbələrinin ifasında Əjdər Ağayevin şeirləri və mahnıları ilə davam edib.

Xəbər lenti