Prezident İlham Əliyev Ermənistan tərəfi ilə Moskvada mümkün danışıqlara münasibət bildirib

19.10.2020 20:09

Biz qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvada və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik.


Xezerxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibəsində deyib. 

Jurnalistin "Siz Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistandan olan həmsöhbətinizlə görüşmək üçün Moskvaya gəlməyə hazırsınızmı?" sualına Prezident İlham Əliyev belə cavab verib:

"Bilirsiniz, mən Moskvada çox olmuşam. İndiki halda mən belə dəvət almamışam, ona görə bu sual mənə deyil. Dəfələrlə şəxsən Prezident Vladimir Vladimiroviç Putin və ondan əvvəl Dmitri Anatolyeviç Medvedev Ermənistan və Azərbaycan rəhbərləri arasında üçtərəfli görüşlər keçiriblər. Lakin Ermənistanda hakimiyyət şərti Sorosun əlinə keçəndən sonra bu cür əlaqələr dayandırıldı. Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və mən bu barədə demişəm, bunun üçün həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəblər var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu bizim regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də biz hər cür əlaqəyə hazırıq, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi biz dərhal razılaşdıq. Bu da bizim mövqeyimizin göstəricisidir. Axı, o vaxt Azərbaycan Ordusu strateji ərazilərin bir hissəsini artıq uğurla azad etmişdi və bu, münaqişənin təqribən on gündən çox davam etdiyi vaxt baş vermişdi. Kimin nəyə qadir olması praktik olaraq artıq hamıya aydın idi. Döyüş əməliyyatlarının sonrakı gedişatını təxmin etmək, yəqin ki, çox çətin deyildi. Lakin buna baxmayaraq, biz vaxtı uzatmadıq və ya imtina etmədik. Biz dedik, bəli, biz hazırıq. O vaxt, Rusiya Prezidenti ilə söhbət zamanı dedim ki, mən naziri göndərirəm, yeri gəlmişkən, Xarici İşlər naziri həmin vaxt Cenevrədə idi, Minsk qrupu ilə danışıqlar aparırdı. Münaqişənin qaynar fazasında bizim nazir Cenevrədə idi, erməni nazir isə oraya gedib çatmadı, hərçənd o da, orada olmalı idi. Buna görə biz qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvada və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik".

© xezerxeber.az


2370 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR