Ölkənin daşınmaz əmlak bazarını nə gözləyir? - PROQNOZ

16.09.2020 13:42

"İstər pandemiya, istərsə də postpandemiya dövründə tikinti sektoru həm məşğulluğun təmin edilməsi, həm də iqtisadi dəyərin formalaşdırılması baxımından prioritet sahələrdən biri olaraq qalacaq. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar tikinti sektoruna daha çox sərmayə cəlbinə imkan yaratmaqla yanaşı, bu sahədə idarəetmənin də müasir standartlara uyğun qurulmasına imkan verib".

XəzərXəbər xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.

O qeyd edib ki, həm yeni sənaye obyektləri və xidmət sahəsi obyektlərinin açılışı, həm də mənzil fondunun yenilənməsi hesabına dayanıqlı, sabit inkişaf və artım müşahidə olunur: "Azərbaycan iqtisadiyyatında yaranan hər 100 manatın 7 manatdan çoxunu məhz tikinti sektoru formalaşdırır. 2019-cu ildə ölkədə ümumi daxili məhsul əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81 milyard 681 milyon manata çatdı. Ümumi daxili məhsulun 7.3 faizi tikinti sektorunun payına düşüb. Bu isə o deməkdir ki, ötən il tikinti sektorunda 6 milyard manata yaxın dəyər formalaşıb. Rəqəmlərdən göründüyü kimi, tikinti sektoru iqtisadi inkişafda və xüsusən də iqtisadiyyatın dayanıqlığının güclənməsində xüsusi paya malikdir. Digər tərəfdən, pandemiya dövründə şəhərsalma, memarlıq və tikinti sektorunun inkişafı üçün də önəmli addımlar atılıb. Ötən il tikinti sahəsinə yatırılan 5 milyard 672 milyon manat xarici investisiya ilə müqayisədə daxili resurslar hesabına 12 milyard 867 milyon manat investisiya qoyuluşu həyata keçirilib. Göründüyü kimi, rəqəmlər bir tərəfdən sektorun sərmayə cəlbi baxımdan cəlbedici olduğunu, digər tərəfdən isə yerli maliyyə mənbələrinin səmərəli mobilizasiya olunduğunu göstərir".

Millət vəkili bildirib ki, bu ilin avqust ayının 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 min nəfər və ya 4,2 faiz artaraq 1681,2 min nəfər olub: "Onlardan 909,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 771,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 8,4 faizi tikinti sektorunda çalışır. Bu isə o deməkdir ki, hazırda bu sektorda 141 mindən çox vətəndaşımız rəsmi əmək müqaviləsi ilə fəaliyyət göstərir. Həmçinin, sözügedən sahə həm məşğulluğun təmin edilməsi, həm də bütövlükdə sosial təminatın gücləndirilməsi baxımından vacib sektordur. Prezident İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazələrin verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli 529 nömrəli fərmanının uğurlu icrası tikinti sektoru üçün inkişaf tendensiyasını müəyyənləşdirən meyarlardan birinə çevrilib. Belə ki, əvvəlki illərdə inşa edilən, amma istismara alınmayan binalarda yaşayan sakinlərin maraqlarını, eləcə də sosialyönümlü dövlət siyasətinin əsasında dayanan humanizm prinsiplərini rəhbər tutan bu fərmanla paytaxtda tikilmiş çoxmənzilli binalar üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də digər şəhərlərdə tikilmiş çoxmənzilli binalar üçün müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən ümumi sahəsi 8.466.990 kv.metr olan 408 çoxmənzilli binanın istismarına icazə verilib. Bu, tikinti sektoru üçün tarixi addımlardan biri kimi dəyərləndirilir. Məhz bu səbəbdən də respublika üzrə istismara verilmiş yaşayış binalarının ümumi sahəsi 2018-ci ildə isə 2.250.000 kv.metr olsa da, 2019-cu ildə 9.469.000 kv.metr mənzil istismara verildi. Bunun 7.238.216 kv.metri əvvəlki illərdə inşa edilib və dövlət başçısının çoxmənzilli binaların istismarına icazələrin verilməsinin sadələşdirilməsi haqqında fərmanına əsasən istifadəyə verilmiş mənzillərin payına düşüb".

Vüqar Bayramovun sözlərinə görə, təqdirəlayiq haldır ki, qlobal pandemiya ilə əlaqədar yaranmış iqtisadi problemlər fonunda tikinti sektoru inkişaf tempini qoruyub saxlaya bilib: "Tikinti sektoru pandemiya dövründə fəaliyyətini məhdudlaşdırmayan sahələrə aid edildi. Bu da postpandemiya dövründə Azərbaycanda inşaat sektorunun öz aktuallığını qoruyub saxlayaraq iqtisadi aktivliyin daha qısa zamanda bərpa edilməsinə töhfə verəcək. Həmçinin, məşğulluğun təmin edilməsi baxımından prioritet sahə sayıldığı üçün postpandemiya dövründə yeni iş yerlərinin yaradılması, eyni zamanda əlavə dəyərin formalaşmasında məxsusi çəkiyə malik olacaq. Xüsusən nəzərə alsaq ki, pandemiyadan sonrakı mərhələdə həm də əmlak bazarında canlanmanın artacağı gözlənilir, bu, tikinti sektorunun əhəmiyyətini artırmaqla yanaşı, sosial təminat, dayanıqlı iqtisadiyyat, o cümlədən inklüziv inkişaf kimi hədəflərə çatmaqda yardımçı olacaq. Bununla yanaşı, tikinti sahəsinin inkişafının dəstəklənməsi və stimullaşdırılması üçün atılan addımlar dayanıqlı iqtisadi inkişafın qorunub saxlanılmasına imkan verəcək".

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR