İyunun birinci ongünlüyündə hava şəraiti necə olacaq? - AÇIQLAMA

31.05.2020 17:13

"Bu ilin may ayı küləkli günlərlə zəngin olub. Ayın 31-də də yaz bizimlə küləkli hava ilə vidalaşdı. Ay ərzində güclü küləkli (15 m/s-dən artıq) günlərin sayı 16-ya çatdı. Bunlardan 25 m/s-dən çox olan günlərin sayı 4 gün oldu, 2 gün ərzində küləyin sürəti 35 m/s,1 gün ərzində isə 38 m/s-dək şiddətləndi".

Xezerxeber.az-ın xəbərinə görə, bunu jurnalistlərə ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O deyib ki, ayın ən isti günü 32 dərəcə ilə mayın 23-ü, ən soyuq günü isə 14.3 dərəcə ilə mayın 10-u oldu. Orta aylıq temperatur 20 dərəcəyə yaxın olub, bu da iqlim normasından 1.5 dərəcə yüksəkdir. Nisbətən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ay ərzində 9 dəfə baş verib.

Yağıntılar qeyri-bərabər paylanıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında normanın 89-124, Kiçik Qafqazın dağətəyi bölgəsində 50-58, mərkəzi-aran rayonlarında 24-71, Lənkəran-Astara zonasında 29-52, Qazax-Gəncə zonasında 45-50, Balakən-Şəki zonasında 45-97, Şabranda 113 faizini təşkil edib, Quba- Xaçmazda və Ağstafada isə normadan 1,5-3 dəfə çox olub.

İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan yüksək olacağı gözlənilir. 2017, 2018, 2019-cu illərdə havanın temperaturu normadan 0,7-1,2 dərəcə yüksək olub; 2001, 2002, 2003 və 2008 –ci illərdə isə iyun ayı nisbətən sərin keçib: "
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecələr 19-24, gündüzlər 26-31, bəzi küləksiz və isti günlərdə 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir. Respublikanın aran bölgəsində maksimal temperaturun 30-35, bəzi günlərdə 37-39, dağlıq rayonlarda 19-24, bəzi günlərdə 28-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az, bəzi şimal və şərq rayonlarında isə normaya yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir”.

© xezerxeber.az

FOTOQALERIYA






464 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR