Gecə tək qadının evində dəhşət: Qızıl tapa bilmədilər, təcavüz etdilər – Şok ifadə

18.02.2020 17:21

İmişli rayonunda zorlama, seksual xarakterli zorakılıq və digər ağır cinayətlərdə ittiham olunan 1990-cı il təvəllüdlü Xalid İbrahimov, 1992-ci il təvəllüdlü Asim Cəfərov, 1980-ci il təvəllüdlü Eyvaz Fərzəliyev, Məhəmməd Ağayev və Fuad Qənbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Xalid İbrahimov dostları Asim, Eyvaz, Məhəmməd və Fuadla əlbir olaraq İmişli şəhərində yaşayan Aidə Səmədovanın (cinayət işində zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) evinə girib, onun əmlakını ələ keçirmək barədə razılığa gəliblər.

Evə basqın

Dəstə üzvləri 28 iyul 2017-ci il tarixdə, təxminən gecə saat 3-4 arası əllərinə əlcək, başlarına isə köynəklərini maska kimi keçirərək həmin evə daxil olublar. Həyətə hasardan aşmaqla düşüblər, aralarında razılaşmaya əsasən dəstə üzvlərindən ikisi gözətçi dayanıb, qalanları isə evə girib.

Dəstə üzvləri qadına təhlükəli zorakılıqla və zorakılıq tətbiq ediləcəyi hədəsi ilə onun baş nahiyəsindən yumruqla vuraraq yuxudan oyadıblar.

Aidə Səmədovanın boğazına bıçaq dirəyiblər, qışqıracağı təqdirdə öldürüləcəyi ilə qorxudublar, ondan pul və dəyərli əşyalarının yerini soruşublar. Aidə Səmədova heç nəyi olmadığını bildirib.

Bu zaman dəstə üzvləri onun alnına, sol gözaltı nahiyəsinə, bədənini müxtəlif yerlərinə xəsarətlər yetiriblər. Sonra qadının müqavimət göstərməməsi üçün əllərini paltarın kəməri ilə arxadan bağlayıblar.

Zorlama və ya seksual hərəkət

Daha sonra dəstə üzvləri evi axtarıb və yataq otağındakı dolabda olan zərərçəkmiş Aidə Səmədovanın bacısı Elza Məmmədovaya məxsus içərisində 1000 manat pul olan, 300 manat dəyərində yataq dəstini, yataq otağından isə zərərçəkmişə məxsus mücrünü ələ keçiriblər.

Bundan başqa, dəstə üzvləri zorla Aidə Səmədova ilə cinsi əlaqədə olublar.

Onlar qadınla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olaraq, qadına qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər.

Mütəşəkkil dəstə və 7 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən dəstə üzvlərinin barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmək), 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

"Başımı kəsib, məni öldürəcəyi ilə hədələdi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aidə Səmədova bildirib ki, 28 iyul 2017-ci il tarixdə gecə saat 3 radələrində yaşadığı evin yataq otağında yatdığı vaxt kiminsə onu əli ilə başına yumruq vurmasından oyanıb və qışqırmağa başlayıb: "Həmin vaxt evin işıqları sönmüş vəziyyətdə idi. Ayılanda gördüm ki, evin içərisində üzlərində maska, əllərində əlcək olan tanımadığım iki nəfər şəxs və onların birinin əlində balaca fənər var. Evin işığı yanmasa da, pəncərədən evin içərisinə ayın işığı və yataq otağının açıq qapısından çöl otağın işığı düşürdü.

Həmin şəxslərdən biri mənim boğazıma bıçaq dirəyərək xəsarət yetirməsə də başımı kəsib, məni öldürəcəyi ilə hədələdi. Qorxumdan qışqırmağı dayandırdım”.

Zərərçəkmiş qeyd edib ki, dəstə üzvlərindən birini dərhal tanıyıb: "Həmin şəxsin Eyvaz Fərzəliyev olduğunu bildim. Xalid İbrahimovu da tanıdım, amma digərlərini tanımadım. Eyvaz və Xalid məni döyməyə başladılar, sonra pul və qiyməti əşyaların yerini deməyimi tələb etdilər.

Eyvaz məni vuranda deyirdi ki, baxıb birdən tanıyarsan məni. Xalid isə bir neçə dəfə həyətə çıxaraq kiminləsə danışırdı, həmin şəxs həyətə çıxandan tələsmələrini istəyirdi. Lakin həyətdə olan şəxsləri görmədim.

Evə girənlərə pulum olmadığını desəm də, Xalid evin işıqlarını yandırmadan, əlindəki fənərlə evi axtarırdı.

Mənim özümün həqiqətən də pulu olmayıb. Lakin yatdığım otaqdakı dolabda yataq dəstinin arasında bacımın 1000 manat pulu var idi. Xalid yataq otağındakı masanın üstündən mücrünün içində olan mənim bəzək əşyalarımı tapdı, gətirərək Eyvaza qızılları tapdığını dedi. Halbuki evimdə qızıl-zinət əşyaları olmayıb”.

"Məndən iyrənc hərəkətlər etməyimi istədilər”

Zərərçəkmiş ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxslərdən biri Sabirabaddan gəldiyini söyləyib: "Eyvaz dedi ki, burada nə qızıl var, nə də dəyərli başqa əşya, bilsəydik Sabirabaddan durub bura gəlməzdik, ya səni öldürəcəyik, ya da səninlə cinsi əlaqədə olacağıq.

Həmin şəxslər məni zorlayacaqlarını dedikləri vaxt ağlaya-ağlaya məni buraxmalarını istədim. Yalvarsam da, sözlərimə məhəl qoymadılar. Boğazıma bıçaq dirəyərək hərəkət etməyimi qoymadılar. Məni digər otağa apardılar. Orada mənimlə bir-bir cinsi əlaqədə oldular. Sonra mənə qarşı seksual xarakterli hərəkətlər etdilər, iyrənc hərəkətlər etməyimi tələb etdilər. Mən də qorxumdan onların istədiyini etdim”.

14 il cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid İbrahimov və digər təqsirləndirilən şəxslərin 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan cəzaların yüngülləşdirilməsini xahiş ediblər.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin olunmayıb. Bu qərardan narazı qalan Xalid İbrahimov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Xalid İbrahimovun şikayəti təmin olunmayıb.

© xezerxeber.az


3280 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR