20 min ABŞ əsgəri Avropaya doğru irəliləyir - Dünyanın görmədiyi müharibə hazırlığı başladı - FOTOLAR

14.02.2020 11:27

Dünyanın diqqəti Liviya və Suriyadakı vətəndaş müharibələrində ikən NATO Şərqi Avropada hərəkətə keçib.

Son 25 ilin ən böyük təlimləri adlandırılan "Defender-Europe 20” təlimlərinə hazırlıqlar başlayıb.

ABŞ ordusunun rəsmi internet səhifəsində yer alan məlumata görə, ümumilikdə, NATO və partnyoru olan 17 ölkənin 27 min əsgərinin qatılacağı təlimlər aprel-iyul aylarında baş tutacaq. Təlimlərin əsas meydanı Şərqi və Mərkəzi Avropa ölkələri, həmçinin, Gürcüstan, ABŞ, Almaniya, Belçika, Niderland, Fransa, Polşa, Finlandiya olacaq. Hərbi mənbələrin məlumatına görə, təlimləri ABŞ idarə edəcək. Türkiyə ordusu qatılmayacaq.

Rusiya narahatdır

Əsgərlərdən 20 mini Amerika ordusuna məxsus olacaq. ABŞ-ın bu qədər genişhəcmli hərbi qüvvəsinin sərhədlərinin bir addımlığına gəlməsi Rusiyanı dərindən narahat edir. Lakin rus mütəxəssislər Soyuq müharibədən sonra ilk dəfə bu qədər genişmiqyaslı təlimlərin keçirilməsini təhdid hesab etmir. Belə ki, onlar Rusiyanın 2018-ci ildə təşkil etdiyi "Vostok-2018” təlimləri ilə "Defender-Europe 20”nin cavabının çoxdan verildiyini bildirir. Sözügedən əməliyyata 300 min rus əsgəri qatılmışdı. Şərqi Avropadakı körpülərin əksəriyyətinin 45 tonluq rus tanklarının ağırlığına dözəcək formada tikildiyini diqqətə çatdıran mütəxəssislərə görə, ABŞ 60 tonluq "Abrahams” tanklarını bu körpülərdən keçirə bilməz.

"Rossiyskaya Qazeta”ya müsahibə verən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov NATO-nun təlimlərinə Rusiya tərəfindən cavab veriləcəyini bildirib: "Böyük təşviş doğuran bu proseslərə göz yuma bilmərik. Lazımsız risk yaratmayacaq dərəcədə qarşılıq verəcəyik”.

Lavrov bu təlimləri tamamilə qanunsuz adlandırıb.

Qeyd edək ki, "Defender- Europe 20” adından da bəlli olduğu kimi, Avropaya şərqdən gələn hücumların qarşısının alınmasında koordinasiyalı cavab reaksiyası hazırlamaq məqsədilə təşkil edilir.

publika.az

© xezerxeber.az


4939 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR