Azərbaycanda ŞOK HADİSƏ: Rusiyadakı dostunu arvadı ilə yazışarkən tutdu, qızını...

13.12.2019 14:46

Quba rayonunda cinayət törətməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Məhəmməd Məmmədov və 1995-ci il təvəllüdlü Əli Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Arvadına mesaj yazdı

Məhəmməd Məmmədov həmyerlisi Babək Vəliyevin Rusiya Federasiyasında olarkən mobil telefon vasitəsilə onun arvadına gizli mesajlar yazması ilə əlaqədar ailələri arasında mübahisə yaranıb.

Məhəmməd Məmmədov yaranmış mübahisəyə aydınlıq gətirmək və Babək Vəliyevi cəzalandırmaq məqsədilə mütəmadi olaraq sonuncunun qardaşı Bəhram Vəliyevlə telefonla danışıb və Babəki onun qarşısına gətirməsini tələb edib.

Cəzalandırmaq məqsədi

İstintaq sənədlərinə görə, 10 iyun 2018-ci il tarixdə, saat 12.15-da Məhəmməd Məmmədovun qardaşı Fərid ona zəng vurub və Babək Vəliyevlə "Pirvahid yolu” adlanan yerə getdiklərini deyib.

Məhəmməd Məmmədov dərhal Quba-Bakı yolunun Quba rayonu Pirvahid kəndindən keçən 17-ci kilometrliyində yolun sağ kənarında yerləşən "Albalı” kafesinin qarşısına gələrək onları gözləyib. Həmin vaxt oraya gələn Babək Vəliyevin atası Natiq ilə mübahisə edib, onu nalayiq ifadələrlə təhqir edib.

Atasının təhqir olunmasına dözmədi

Bu zaman Natiq Vəliyevin digər oğlu Təbriz atasına qarşı edilən nalayiq hərəkətlərə etiraz əlaməti olaraq əli ilə Məhəmməd Məmmədovun ağız nahiyəsinə vuraraq, onu itələyib.

Bundan sonra Məhəmməd Məmmədov aralarında yaranmış münaqişənin şəxsi münasibətlər zəminində başlanmasına baxmayaraq, münaqişənin gedişində ona qoşulmuş qohumu Əhməd Heydərov ilə birlikdə dava salıblar.

Bıçaqlı dava

Onlar Təbriz Vəliyevi döyüblər, həmin vaxt Məhəmməd Məmmədov özündə olan bıçaqla onun sol bud nahiyəsinə xəsarət yetirib. Əhməd Heydərov isə bıçaqla Təbriz Vəliyevin sifət nahiyəsinə qəsdən bir dəfə vurub.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham elan edilib.

"Mənim evimə gəlmədi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhəmməd Məmmədov bildirib ki, Quba rayonu Pirvahid kəndindən olan Babək Vəliyevi yeznəsi Samir Babayevin sayəsində tanıyıb: "Babək Samirlə birlikdə hərbi xidmətdə olub. 2008-cü ildən Babəkin bizim evə gediş-gəlişi olub və aramızda dostluq münasibətləri yaranıb. 2013-cu ildə evləndim və 3-4 ay idi ki, atamdan ayrı yaşayırdım. Ayrı yaşadığım müddətdə Babək mənim evimə gəlmədi”.

"Babək "Mənə elə sən lazımsan”, - deyə yazıb”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2017-ci ilin sentyabrında Babək Vəliyev Rusiya Federasiyasında olan zaman ona əvvəlcədən borclu olduğu 100 manatı göndərib: "Həmin ilin sentyabrın sonunda Babək özünün istifadəsində olan hazırda xatırlamadığım mobil nömrəsi ilə istifadə etdiyim mobil telefona "Whatsapp” sms proqramı vasitəsilə ismarıc göndərək həmin pulun mənə çatmasını soruşdu. Həmin vaxt həyətdə olduğum üçün telefonuna gələn ismarıcı həyat yoldaşım Gülnar oxuyaraq cavabında "Rəsul hazırda həyətdədir, mən sizin sözünüzü ona çatdıraram” yazıb. Bu zaman Babək "Mənə elə sən lazımsan”, - deyə yazıb. Yoldaşım isə ona cavab olaraq "biz bacı-qardaşıq, mənimlə belə danışma” yazıb”.

"Söhbətlər öncə valideynlərimın, sonra isə kənd camaatı arasında yayıldı”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra yoldaşı ona bu barədə bildirib: "Mən də yoldaşım ilə telefonumdakı ismarıcları oxuduğuna görə mübahisə etməyə başladım. Aramızda olan mübahisə böyüdüyü üçün yoldaşım evdən çıxaraq atasının evinə getdi. Bu səbəbdən də yoldaşım ilə aramızda olan söhbətlər öncə valideynlərimın, sonra isə kənd camaatı arasında yayıldı. Həmin vaxt Rusiyada olan Babəkin qardaşı Bəhramla telefonla əlaqə saxladım, onu Babəklə danışdırmasını istədim. Həmin vaxt Bəhram olanlardan xəbərdar olduğu üçün Babəki bir həftə ərzində kəndə gətirəcəyinə söz verdi. Bəhramla danışığım zaman ona intiqam almaq məqsədi ilə Babəkin qızını maşına əyləşdirib, kənddə fırlanmaqla onun namusuna sataşa biləcəyimi bildirdim”.

Məhəmməd Məmmədov daha sonra ifadəsində hadisə günü baş verən olaylardan danışıb. Digər təqsirləndirilən Əli Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Birinə şərti cəza, digərinə bəraət...

Əli Babayev həmkəndliləri Məhəmməd Məmmədovla Təbriz Vəliyevin dava etdiyinin şahidi olsa da, onların arasında olan davaya müdaxilə etmədiyini, Təbriz Vəliyevə bıçaqla xəsarət yetirmədiyini deyib.

Quba rayon Məhkəməsinin hökmü ilə Məhəmməd Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilib, ona 2 il şərti cəza təyin edilib.

Prokuror şikayət etdi, təmin edilmədi

Digər təqsirləndirilən Əli Babayevin barəsində olan ittiham məhkəmə araşdırması zamanı sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Quba rayon Məhkəməsinin çıxardığı hökmün ləğv olunmasını, onların barəsində ittiham olunduqları maddə üzrə ağır cəza təyin olunmasını istəyib.

Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Prokurorun protesti təmin olunmayıb./publika.az

© xezerxeber.az


1454 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR