"Bayrağımızın Şuşada dalğalanmasını gözləyirik" - Məşhurlarımız cəbhədəki döyüşlərdən danışdılar

28.09.2020 15:02

Sentyabrın 27-də Dağlıq Qarabağda növbəti erməni təxribatının qarşısının alınması məqsədilə hərbi əməliyyatlar başlayıb. Ötən müddətdə bir neçə kənd vəMurov dağı silsiləsindəki Murov zirvəsi işğaldan azad edilib. Düşmənin xeyli hərbi texnikası və canlı qüvvəsi məhv edilib.

Rəsmi məlumatlara görə, cəbhədə döyüşlər davam edir.

Lent.az Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları ilə bir neçə sənət adamının fikirlərini öyrənib:

Xalq artisti Aygün Bayramova: "İnşallah, yaxşı xəbərlər gözləyirik. Bayrağımızın Şuşada, Laçında və digər işğal olunmuş torpaqlarda dalğalanmasını gözləyirik. Onlar sülh istəmir, əvəzində parlament binası tikiblər. Bu yaxınlarda onu gördüm, az qaldı ürəyim partlasın. Bunlar bu torpaqlarımıza da yiyələnmək istəyirlər. Bunlar vaxtı ilə İrəvana da yiyələniblər. Beləcə bizim Qarabağa sahib çıxmaq istəyirlər. Amma bu mümkün deyil. Ali Baş komandanın dediyi kimi, "Qarabağ Azərbaycandır". Həqiqətən də Qarabağ Azərbaycandır.

Gecəni yatmamışam. Şad xəbərlər gözləmişəm. Hər bir azərbaycanlı kimi xoş xəbərlər gözləyirəm. İnşallah, müharibə yolu ilə torpaqlarımızı geri alacağıq. Artıq onların sonudur. Dayanmaq lazım deyil”.

Xalq artisti Mübariz Tağıyev: "Cəbhədən gələn xoş xəbərlər pandemiya dövründə yaşanan problemləri yaddan çıxardı. Sevincimin həddi-hüdudu yoxdur. Alınan məlumatlara görə, ordumuz daha da irəli doğru gedir. Düşünürəm ki, qələbəmiz çox uzaqda deyil. 30 il gözləmək olar? Adam deməyə söz də tapmır. Azərbaycan ordusu sözdə yox, həm də əməldə var. Eşq olsun ordumuza! Allah şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizi qorusun!"

Xalq artisti Alim Qasımov: "Hamı kimi mən də sevincliyəm. Allah əsgərlərimizi qorusun. Şəhidlərimizin ruhu şad olsun. İnşallah, tezliklə torpaqlarımızı azad edək”.

Xalq artisti Nəzakət Teymurova: "İşğal olunmuş torpağımızın azad olunmasından gözəl xəbər nə ola bilər ki? Özüm qarabağlıyam. Anamın 87 yaşı var. Zəng edib hər kəsə gözaydınlığı verir. Dualarımız əsgərlərimizlədir. Bundan artıq nə deyəcəyimi bilmirəm. Sevincimin həddi-hüdudu yoxdur. Dünyada torpaqdan əziz heç nə yoxdur”.

Şairə, bəstəkar Xanım İsmayılqızı: "Biz neçə illərdir belə xəbər, yürüş gözləyirdik. Nəhayət, bu oldu. Bütün xalq sevinir, ayaq üstədir. Bu xəbər yaramıza bir məlhəm oldu. Arzu edirik ki, bunun ardı gəlsin. Bütün Qarabağ torpaqları azad olsun. Buna böyük ümidimiz, inamımız var. Allah bu xalqı hər zaman sevindirsin. Neçə ildir belə xəbərlər gözləyirdik, ardı gəlsin.Ali Baş komandanımızı, ordumuzu, xalqımızı təbrik edirəm".

© xezerxeber.az


372 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR