İqtisadçı: Müharibədən sonra Dağlıq Qarabağa xarici investisiya axını şübhəsizdir

24.10.2020 14:39

Dağlıq Qarabağ müharibəsi bitər-bitməz xarici investorların azad edilmiş ərazilərimizə yatırım etmək üçün gizli mübarizəsi başlayacaq.

Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, xarici investisiyanın cəlb edilməsində münaqişə ocağının mövcudluğu böyük problem idi. Lakin bu münaqişə ocağı qaldığı halda belə bu illər ərzində respublikamıza kifayət qədər xarici investorlar maraq göstərib və bu maraq böyük ölçüdə investisiyaların reallaşdırılması ilə nəticələnib.

Belə ki, 1995-2017-ci illər ərzində ölkə iqtisadiyyatına ümumilikdə 125.5 mlrd. ABŞ dolları məbləğində xarici investisiya daxil olub ki, bunun da 95%-dən çoxu 2000-2017-ci illərdə baş verib. Bu dövrdə ölkəyə daxil olan bütün xarici investisiyanın 29.2 mlrd. dolları Azərbaycan hökumətinin və ayrı-ayrı dövlət və özəl qurumlarının beynəlxalq maliyyə-kredit təşkilatlarından cəlb etdikləri maliyyə kreditləri, 77.8 mlrd. dolları isə birbaşa investisiyalar olmuşdur. Qalan 13-14 milyard dolları isə digər investisiyaların payına düşüb:

"Rəqəmlərdən də göründüyü kimi, hələ Dağlıq Qarabağ kimi bir münaqişənin qaldığı bir məqamlarda ölkə rəhbərliyi yetərincə xarici investorları cəlb etməyi bacarmışdır. Bu münaqişənin zəfərlə həllindən sonra xarici investisiya axınının artım dinamikasının müşahidə ediləcəyi şübhəsizdir. Çünki investisiyalarla bağlı qərarlara təsir edən amillər sırasında ilk yerdə ölkədə siyasi sabitlik və təhlükəsizlik gəlir. Bunun ardından hüquqi və tənzimləyici mühit, daxili bazarın miqyası, makroiqtisadi sabitlik və s. sıralanır. Göründüyü kimi, Qarabağ müharibəsinin Azərbaycanın zəfəri ilə bitməsi xarici investisiya mühiti üçün heç vaxt olmadığı qədər münbit şərait yaradacaq. İllər boyu mövcud olan siyasi sabitliklə yanaşı, müharibə zəfərindən sonra təhlükəsizliyin də təmin edilməsi, münaqişə ocağının yox edilməsi respublikamızı xarici investorların tam diqqət mərkəzinə çevirəcək. Hətta, mən deyərdim ki, artıq bu istiqamətdə bir oyanış var, xarici investorlar maraq göstərməyə başlayıb və müəyyən vasitələrlə Azərbaycan höküməti ilə danışıqlar aparmağın fürsətini gözləyirlər.

Çünki istər hazırda müharibə gedən rayonlarımızda, istərsə də ətraf rayonlarda investisiya yatırıb böyük mənfəət əldə etmək üçün kifayət qədər potensial var. Odur ki, müharibə bitər-bitməz xarici investorların azad edilmiş ərazilərimizə yatırım etmək üçün gizli mübarizəsi başlayacaq".

© xezerxeber.az


296 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR