Elektroenergetika sahəsində liberal bazar münasibətləri formalaşdırılacaq

20.10.2020 13:46

Dövlət başçısının müvafiq Fərmanı ilə Energetika Nazirliyinin yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması bu sahənin keyfiyyət və məzmunca yeni mərhələdə inkişaf etdirilməsi zərurətidir.

Bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc edilən məqalədə bildirib.

Onun sözlərinə görə, Agentliyin əsas vəzifəsi bu sahəni dövlət üçün maliyyə yükü olmayan, investorların cəlbedici fəaliyyət istiqamətinə çevirməkdir: "Səmərəlilik, çeviklik və müasir inkişaf tələbləri əsasında qurulan Agentlik bərpa olunan enerji sahəsi ilə əlaqəli bütün proseslərə məsul olacaq və energetikada yeni inkişaf strategiyasına töhfə verəcək. Əsasnaməsindən də göründüyü kimi, Agentliyin fəaliyyəti çoxşaxəlidir. Bu sahənin investisiya qoyuluşu üçün cəlbediciliyinin təmin edilməsi, elektrik enerjisinin satın alınması müqaviləsi əsasında bərpa olunan enerji mənbələri layihələrinin həyata keçirilməsi, bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və dəstəklənməsi üçün müvafiq fondların yaradılması tamamilə yeni istiqamətlərdir. Hazırda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və tabeliyindəki "Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətin strukturu formalaşdırılır, üç illik iş planı hazırlanır və "Azalternativenerji” MMC-nin fəalliyyətinin optimallaşdırılması üçün digər lazımi tədbirlər həyata keçirilir”.

Nazir bildirib ki, dövlət başçısının islahatlarla bağlı digər mühüm bir tapşırığı da elektroenergetika sahəsində liberal bazar münasibətlərinin formalaşdırılması ilə bağlıdır: "Liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər hazırlanmış və hazırda hökumətdə baxılmaqdadır. Beynəlxalq təcrübə göstərir ki, liberal bazar münasibətlərinə keçid üçün ilk növbədə elektrik enerjisi istehsalının iqtisadi optimallaşdırılması, tariflərin müəyyənləşdirilməsi üzrə metodologiyanın, Şəbəkə Məcəlləsinin hazırlanması, gələcək bazar subyektlərinin kommersiya uçotu sisteminin təşkili ilə bağlı tədbirlər görülməlidir. Hazırda bu istiqamətdə müvafiq işlər yerinə yetirilir”.

P. Şahbazov qeyd edib ki, bu prosesdə mühüm əhəmiyyət daşıyan, mütərəqqi bazar prinsipləri və beynəlxalq təcrübə nəzərə alınmaqla "Elektroenergetika haqqında” qanunun yeni layihəsi hazırlanıb: "Qanun layihəsində elektrik enerjisinin istehsalı, təchizatı, ötürülməsi və paylanması sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqi, özəl investisiyaların cəlbi, dövlətin maliyyə yükünün, elektrik enerjisinin istehsalına çəkilən xərclərin azaldılması və xidmətin keyfiyyətinin yüksəldilməsinə münbit şəraitin yaradılması kimi məsələlər nəzərdə tutulub”.

© xezerxeber.az


229 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR