Bağlanmış 4 bankın əmanətçilərinə vəsait ödənildi

06.08.2020 12:48

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu "Atabank”, "Amrah Bank”, "AGBank” və "NBC Bank” ASC-lərin 17,9 min qorunan əmanətçisinə 402,3 milyon manat kompensasiya ödəyib.

XəzərXəbər xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, "Atabank”ın 7,6 min əmanətçisi 170,8 milyon manat, "Amrah Bank”ın 5,1 min əmanətçisi 121,7 milyon manat, "AGBank”ın 2,3 min əmanətçisi 29,8 milyon manat, "NBC Bank”ın isə 2,9 min əmanətçisi 80 milyon manat kompensasiya alıb. 

"Atabank” və "Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank” ASC-nin adlı debet kartları və "Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

"AGBank” və "NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

"Əmanətlərin sığoratalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Həmçinin, "Atabank”, "AGBank” və "NBC Bank”da təshih tədbirlərinin tətbiq edildiyi müddət ərzində qəbul edilmiş əmanətlərin ödənişi qeyd edilən məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin müvafiq şərhinə uyğun olaraq həll ediləcək.

© xezerxeber.az


215 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR