AZAL və "Belavia" Bakı-Minsk marşrutu üzrə kod-şerinq reysləri həyata keçirəcək

08.07.2020 17:26

"Azərbaycan Hava Yolları" QSC (AZAL) iyulun 10-dan 31-dək həyata keçiriləcək Bakı-Minsk marşrutu üzrə reyslərdə "Belavia" Belarus aviaşirkətinin marketinq tərəfdaşı oldu.

AZAL-dan xezerxeber.az-a verilən məlumata görə, uçuşların tezliyi həftədə iki dəfə – cümə və bazar günləri olmaqla ümumilikdə yeddi reys yerinə yetiriləcək.

Məlumata əsasən, aviabilet satışı həm milli aviadaşıyıcının www.azal.az saytında, həm də "Belavia" aviaşirkətinin www.belavia.by saytında həyata keçiriləcək.

Bakı-Minsk reysi ilə Belarus Respublikasına giriş hüququ olan sərnişinlər daşınacaq. Minskdən transfer reysi ilə üçüncü ölkəyə gedən sərnişinlər təyinat ölkəsinin giriş qaydalarına əsasən reysə buraxılacaq.

Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaları sırasında "Referans" laboratoriyası, "Leyla" klinikası, "Memorial" klinikası, "Bona Dea" xəstəxanası, "İnci" laboratoriyası, Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM), "Caspian Hospital" və "UltraLab" var.

COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 saat əvvəl almalıdır.

© xezerxeber.az


351 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR