BNA: Mindən çox avtobusda arakəsmələr quraşdırılıb

18.05.2020 20:01

Qısa zamanda 1 400 avtobusda sərnişinlərlə sürücünün fiziki təmasını aradan qaldıran arakəsmələr quraşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatı nəzərə alınaraq gündəlik xəttə çıxan avtobusların sayı və intervalı nəzarətdə saxlanılır:

"Səhər və axşam saatlarında sərnişin axını daha çox olan istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə daşımalara əlavə sayda avtobuslar cəlb edilir. Gündəlik olaraq Bakı şəhəri üzrə 1 820 ədəd avtobus xəttə buraxılır ki, onun da 830 ədədə yaxını ətraf kənd və qəsəbələr istisqamətində hərəkət edir. İlk dəfə olaraq sərnişindaşımalara 20 ədədə yaxın 18 metrlik avtobuslar da buraxılıb. Ümumilikdə hazırda xəttə çıxan avtobusların sayı təhsil müəssisələrinin fəaliyyətinin dayandırıldığı yay mövsümü ilə müqayisədə 15 % çoxdur. Belə ki, ötən yay mövsümündə ümumi sərnişin tələbatının azalması fonunda gündəlik olaraq xəttə 1 600 ədədə yaxın avtobus çıxarılıb".

Məlumatda bildirilir ki, həmçinin müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılara avtobusların maksimum sayda xəttə çıxarılması və hərəkət intervalının azaldılmasına dair rəsmi tapşırıq verilib:

"Sosial məsafənin qorunması, maskadan istifadə və COVİD-19 infeksiyasının proflaktiksına dair digər qaydaların təşviqi məqsədi ilə davamlı olaraq maarifləndirmə tətbirləri də həyata keçirilir. Eyni zamanda bildiririk ki, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, dayanacaqlar, avtobuslarda eləcə də digər ictimai yerlərdə sosial məsafənin saxlanılması və maska taxılması birbaşa vətəndaşların sosial məsuliyyəti ilə bağlıdır".

© xezerxeber.az


182 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR