ARDNF: Qızıl aktivlərimizin həcmi 5,4 mlrd. dollar təşkil edir

12.03.2020 17:32

Ötən müddət ərzində xam neftin yüksək qiymətləri dövründə Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) 43 mlrd. ABŞ dollarından artıq məbləğdə vəsait toplanıb ki, bu da ölkə iqtisadiyyatının ümumi həcminə yaxınlaşıb. Əlverişli iqtisadi mühit dövründə artan bu vəsaitlər iqtisadi şoklar zamanı "təhlükəsizlik yastığı”, o cümlədən dövlət büdcəsində yarana biləcək fiskal kəsirin örtülməsində istifadə edilir.

ARDNF-dan xezerxeber.az-a verilən məlumata görə, Fondun əsas məqsədlərinə gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması ilə yanaşı makroiqtisadi sabitləşdirmə, o cümlədən ölkə iqtisadiyyatının xarici iqtisadi təsirlərə qarşı qorunması da daxildir.

Bununla yanaşı, iqtisadi qeyri-müəyyənliklər birbaşa olaraq maliyyə bazarlarına təsir göstərməsinə baxmayaraq, bu təsirlər müxtəlif investisiya aktivlərində fərqli qaydada özünü büruzə verir. Belə ki, dünya iqtisadiyyatının gələcəyi ilə bağlı davamlı mənfi gözləntilər dərhal birjada kotirovka olunan səhm aktivlərinə öz neqativ təsirini göstərir. Eyni zamanda qeyd edilməlidir ki, iqtisadi qeyri-müəyyənliklər dövründə bəzi aktiv növlərinə, o cümlədən istiqrazlara, xüsusilə dövlət istiqrazlarına tələb əhəmiyyətli şəkildə artır ki, bu da onların qiymətlərinə müsbət təsir göstərir.

"Hazırda ARDNF-in investisiya portfelində uzunmüddətli dövr ərzində yüksək gəlirlilik nümayiş etdirən və bununla yanaşı yüksək qiymət dəyişkənliyi ilə səciyyələnən səhmlər təxminən 10% paya malikdir. Fondun vəsaitlərində istiqrazların xüsusi çəkisi isə təqribən 70% təşkil edir. ARDNF həmçinin son zamanlar qabaqlayıcı tədbirlər çərçivəsində istiqraz aktiv növünün daxilində dövlət və yüksək reytinqli istiqrazların payını əhəmiyyətli şəkildə artırmışdır. Əlavə olaraq ARDNF-in vəsaitlərində qızıl aktivi də yer alır ki, məlum olduğu kimi bu aktiv növü də qeyri-müəyyənliklər zamanı sığorta rolunu oynayır. Hazırda bu aktiv növü təqribən 5,4 mlrd. dollar ilə ümumi vəsaitlərin təxminən 12%-ni təşkil edir. Ümumi çəkisi təxminən 101,5 ton təşkil edən qızıl aktivləri ölkəyə gətirilərək ARDNF-in xüsusi xəzinəsində saxlanılmaqdadır”, - məlumatda qeyd edilir.

ARDNF-in vəsaitlərinin valyuta səbətinə gəldikdə isə, qeyd etmək lazımdır ki, burada əsas yeri, yəni təxminən 95%-lik hissəni ABŞ dolları, avro, ingilis funt sterlinqi və yapon yeni kimi əsas ehtiyat valyutaları tutmaqdadır, məlumatda vurğulanır.

© xezerxeber.az

FOTOQALERIYA






159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR