Kirayə mənzillərə müraciət üzrə vətəndaşlardan sənəd qəbuluna başlanılıb

10.03.2020 17:50

Bu gün İpoteka və Kredit Zəmanət Fondunun (Fond) kirayə mənzil mexanizmi üzrə elektron müraciətləri qeydə alınmış vətəndaşların sənədlərinin qəbuluna başlanılıb.

Xezerxeber.az-ın Fonda istinadən verdiyi xəbərə görə, gün ərzində 2 saylı Bakı "ASAN Kommunal” mərkəzi və Sumqayıt "ASAN xidmət” mərkəzində növbəlilik əsasında 75 vətəndaş baxılması üçün sənədlərini təqdim edib.

Sənədləri qəbul edilmiş vətəndaşların müraciətinə Fond tərəfindən ən geci 5 iş günü ərzində baxılır. Vətəndaşın yaşı, kredit tarixçəsi və rəsmi gəlirləri əsasında kirayəyə yönəldəcəyi maksimal aylıq ödəniş məbləği və kirayə müqaviləsinin maksimal müddəti müəyyən edilərək bu barədə onların elektron kabinetinə bildiriş göndəriləcək. Bundan sonra həmin vətəndaşlar "Elektron ipoteka və kredit zəmanət” sistemi (EİKZS) vasitəsilə ödəniş qabiliyyətlərinə uyğun yaşayış sahəsini seçmək imkanı əldə edəcəklər. Yaşayış sahələrinin seçilməsi qaydası ilə EİKZS-də yerləşdirilmiş video-təlimat vasitəsilə tanış olmaq mümkündür.

EİKZS vasitəsilə kirayə mənzil modulu üzrə elektron müraciətlərin qəbulu prosesi isə davam etdirilir. Məlumata əsasən, bugünədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir: EİKZS-də elektron kabinet yaradanlar-7 769, müraciət formalaşdıranlar-6 436, müraciət göndərənlər 5-283, sənəd təqdim edənlər-75 nəfər.

Müraciətləri qeydə alınmış vətəndaşların elektron kabinetinə sistem vasitəsilə sənədlərin qəbul tarixi və yeri barədə bildiriş göndəriləcək və SMS məlumat veriləcək. Vətəndaşlar yalnız bildirişdə qeyd olunan tarixdə sənədlərin qəbulu üçün ASAN xidmət mərkəzinə gəlməlidirlər.

© xezerxeber.az


173 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR